Orduda əsgər ölümlərinin səbəbi nədir? - VİDEO

Orduda əsgər ölümlərinin səbəbi nədir? - <span style="color: red;">VİDEO
# 06 mart 2013 16:03 (UTC +04:00)

Son iki ayda orduda 15-ə yaxın əsgər ölümü faktı qeydə alınıb.

Narahatçılıq yaradan amillərdən biri də bu kimi faktlarla bağlı ictimaiyyətə məlumat verilməsi ilə bağlıdır. Bunu hərbi ekspert Azad İsazadə APA TV-yə açıqlamasında qeyd edib: “Bu bizim ordumuzdur və vətəndaşın tam ixtiyarı var ki, orduda baş verən hadisələrdən məlumatlı olsun. Eyni zamanda orduya vətəndaş nəzarəti də təmin olunmalıdır".

Hərbi ekspert həmçinin qeyd edib ki, orduda yeni psixoloq ştatlarının yaradılmasına dair hökumətə təqdim olunan layihəni müsbət qiymətləndirir. O hesab edir ki, psixoloq ştatlarının yaradılması ordudakı neqativ halların, xüsusilə intiharların sayının azalmasına təsir göstərəcək: “Həmin layihənin ilkin mərhələsində briqada və taborların psixoloqlarla komplektləşdirilməsi nəzərdə tutulur. Öncə silahlı qüvvələrdən seçilmiş zabitlər xüsusi psixologiya kurslarında ixtisaslarını artırdıqdan sonra bu vəzifələrə təyin olunacaqlar. Mülki sahədən bu ixtisaslara qəbullar olacaq. Sonrakı mərhələdə isə ali hərbi və mülki təhsil müəssisələrində hərbi psixoloq kadrların hazırlanması həyata keçiriləcək”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc isə son zamanlar orduda baş verən itkilərin həlli yolunu Müdafiə Nazirliyində köklü kadr dəyişikliyində görür. Millət vəkili hesab edir ki, bu sahədə dövlət səviyyəsində tədbirlərlə paralel, bir sıra aparıcı ölkələrin ordu ilə bağlı modellərini də tətbiq etmək lazımdır: “Onları tətbiq etmədən kadr dəyişikliyi heç bir effekt verməyəcək”.

Son illər Silahlı Qüvvələrə gələn gənclərin ilk mərhələdə çox ciddi problemlərlə üzləşdiyini deyən Z. Oruc buna görə orta məktəbləri də tənqid edib: "Çünki məktəblərdə hərbi hazırlıq dərsləri lazımi səviyyədə keçirilmir. Əyani vəsaitlərin olmaması bu problemi daha da dərinləşdirir. Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Bu baxımdan orta məktəblərdə tədris olunan hərbi-hazırlıq fənlərinin böyük əhəmiyyəti var”.

Komitə üzvü hərbi hissələrdə təlim-tərbiyə üzrə müavin ştatının ləğvini də səhv addım kimi qiymətləndirib.

Onu da qeyd edək ki, Azərbaycan Ordusu bu gün daha bir itki verib. Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, bu gecə saat 01:40 radələrində Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri Əliyev Elman Telman oğlu yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən dünyasını dəyişib. Ölümün hansı səbəbdən baş verməsi tibbi ekspertiza tərəfindən müəyyənləşdirildikdən sonra bu barədə ictimaiyyət əlavə məlumat veriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev isə son əsgər ölümləri ilə bağlı APA TV-nin sorğusuna cavabında nazirliyin yaydığı rəsmi məlumatlardan əlavə şərh verə bilməyəcəyini deyib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR