Marneulidə Gürcüstan parlamentinin aqrar komitəsinin sədri Qiqla Aqulaşvili ilə görüş keçirilib

Marneulidə Gürcüstan parlamentinin aqrar komitəsinin sədri Qiqla Aqulaşvili ilə görüş keçirilib
# 08 aprel 2013 18:52 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan reinteqrasiya məsələləri üzrə dövlət nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində parlamentin aqrar komitəsinin sədri Qiqla Aqulaşvili ilə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə parlamentin azərbaycanlı deputatları Mahir Dərziyev və Əli Məmmədov, reinteqrasiya məsələləri üzrə dövlət nazirin müşaviri Savalan Mirzəyev iştirak edib. Azərbaycanlıların, gürcü və digər millətlərin nümayəndələrinin qatıldığı görüşdə son zamanlar kənd təsərrüfatı sahəsində Gürcüstanın yeni hakimiyyətinin apardığı islahatlar haqqında və banklardan əhaliyə, eyni zamanda fermerlərə veriləcək uzunmüddətli kreditlər və subsidiyalar, vauçerlər haqqında ətraflı məlumat verilib. Tədbir iştirakçıları qarşısında çıxış edən Gürcüstan parlamentinin aqrar komitəsinin sədri Qiqla Aqulaşvili əhali ilə görüşün məqsədini açıqlayaraq əhaliyə verilən informasiyanın açıq olmasını bildirib: “Son 10 il ərzində Gürcüstanda kənd təsərrüfatı sahəsində müxtəlif problemlər yaranıb. Biz belə görüşlərin keçirilməsində əhalini və fermerləri narahat edən və illərlə yığılan bu problemlərin həlli yollarını axtarırıq. Elə hallar var ki, müxtəlif məqsədlərini həyata keçirmək üçün keçmiş hakimiyyətin məmurları onları əhalidən gizlədib. Məsələn, Şevardnadze dövründə torpaqların alqı-satqısının qeydiyyatdan keçirilməsi gizlədilib. Mən buna təəccüblənmirəm. Biz bu problemlərin öhdəsindən gələcəyik. Ölkədə hələlik 600 min adama kömək üçün kənd təsərrüfatı vauçerləri verilir və əlavə 100 min nəfərə də vauçer verilməyi planlaşdırılıb”.

Görüşdə rayon sakinləri vauçerlərlə bağlı kifayət qədər informasiyanın olmadığını, banklardan verilən kreditlər barədə, torpaq, su, texnika çatışmazlığı barədə verilən suallara cavab verən komitə sədri Q. Aqulaşvili hər bir problem üçün ona müraciət olunmasını xahiş edib: “Biz istəyirik ki, hər bir fermer bankdan uzunmüddətli kredit götürsün, bu kənd təsərrüfatının inkişafı deməkdir. Parlament bu sahədə yeni qərarlar qəbul edəcək. Hələlik “Kənd təsərrüfatının kooperasiyası” haqqında qanun layihəsi hazırlanır. Biz xarici ölkələrin kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində zəngin təcrübələrindən də istifadə etmək istəyirik. İtalya, Hollandiya və Almaniya təcrübələrindən istifadə etmək üçün universitetlərlə əlaqə saxlayırıq. Torpaq bizim var-dövlətimizdir. Biz fermerlərin kooperativlər halında birləşməsini istəyirik. Bu zaman onlar dövlətdən daha çox kredit ala bilər. Belə olarsa, onlara lizinq xətti ilə texnika və subsidiyalar da verilər”.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev tədbirin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Belə görüşlər çox keçiriləcək və biz çalışırıq ki, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə onları narahat edən problemlər azalsın. Bu barədə biz seçki qabağı öhdəliklərimizdə də məlumat vermişdik. İndi artıq biz sözdən işə keçmişik. Dövət kreditə bir milyard pul buraxıb və burada çox əlverişli şərtlər var. Bu, böyük imkandır və düşünürəm ki, kənd təsərrüfatı sahəsində dönüş yaranacaq”.

Gürcüstan parlamentinin aqrar komitəsinin sədri Qiqla Aqulaşvili jurnalistlərə açıqlamasında keçmiş hakimiyyətin torpaqla bağlı çox problemlər qoyub getdiyini bildirib və bu problemləri yeni hakimiyyətin həll edəcəyini bildirib: “ Biz fermerlərə 6 aylıq krediti 7 %-lə və uzunmüddətli krediti isə 3 %-lə verəcəyik. Əhali yeni imkanlardan istifadə etməklə yeni infrastrukturlar yaratmaq istəyir. Pul əsas deyil. Biz fermerlərə və torpaq sahiblərinə bilik və texnologiyanı öyrənmək imkanları verəcəyik. Gələcəkdə kənd təsərrüfatı daha da inkişaf edəcək.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR