Bakı. Cavid Zeynallı – APA. Noyabrın 20-də Nizami Kino Mərkəzində “Bizim kino günləri – audiovizual məkanda peşəkarlıq” layihəsinə həsr olunmuş tədbir keçirilib.
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə keçirdiyi layihə Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, yeni kinomuzda peşəkarlıq məsələlərinə həsr olunub.
Tədbirdə layihənin ideya müəllifi, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov müasir Azərbaycan kino sənayesinin hazırkı mənzərəsi haqqında məlumat verib. O qeyd edib ki, “Azərbaycanfilm”də müxtəlif janrlarda ssenarilərin müzakirəsi keçirilir: “İncəsənətin ən çox tamaşaçı yığan sahəsi olan kinoda peşəkarlıq əsas tələblərdən biridir. Son illərdə çəkilən Azərbaycan filmlərinin tamaşaçıya düzgün şəkildə çatdırılması, təbliğ olunması istiqamətindən mətbuatın, jurnalistlərin dəstəyinə ehtiyacımız var. “Azərbaycanfilm” kinostudiyası yaradıcı atmosferin qurulması ilə düzgün industriyanın yaradılmasını qarşısına məqsəd qoyub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir çox gənclər xaricdə təhsil alır və bu, öz nəticəsini göstərməkdədir. Bu gün kinoda kifayət qədər peşəkar insanlar çalışır və hər zaman çalışmışıq ki, həmin insanları qoruyaq, onlara imkanlar yaradaq”.
Kinostudiyanın direktoru əlavə edib ki, hazırda “Nar” və “Köşk” filmləri istehsalat mərhələsindədir, “Qarabağ” və “Qərbi Azərbaycan” layihələri üzərində iş aparılır.
Sonra rejissor Asif Rüstəmovun “Axınla aşağı” bədii filmi nümayiş olunub.
Qeyd edək ki, bu gündən etibarən “Azərbaycanfilm” kinostudiyasında son zamanlar çəkilən filmlər “Nizami Kino Mərkəzi”, “Park Cinema” və “28 Cinema” kinoteatrlarında nümayiş etdiriləcək.