“Xəstəxanadaxili infeksiyalar, antibiotiklərə rezistentlik, dezinfeksiya, antiseptika və sterilizasiya problemləri” mövzusunda simpozium keçirilir

“Xəstəxanadaxili infeksiyalar, antibiotiklərə rezistentlik, dezinfeksiya, antiseptika və sterilizasiya problemləri” mövzusunda simpozium keçirilir
# 03 may 2013 07:57 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Xəstəxanadaxili infeksiyalar, antibiotiklərə rezistentlik, dezinfeksiya, antiseptika və sterilizasiya problemləri” mövzusunda simpozium başlayıb. APA-nın xəbərinə görə, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyi və Türkiyə Cümhuriyyətinin DAS (dezinfeksiya, antiseptika, sterilizasiya) dərnəyinin birlikdə təşkil etdiyi simpozium Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.

Simpoziumun fəxri prezidenti, ATU-nun rektoru Əhliman Əmiraslanov son günlər nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunduğunu xatırladıb. O bildirib ki, bu gün Azərbaycanda olan nə varsa, onun adı, siyasəti ilə bağlıdır: “Heydər Əliyevin 90 illik yubileyi münasibətilə konfranslar isə tək öz mövzusunu əhatə etmir, qarşılıqlı əlaqələr yaranmasına, gələcəkdə daha yaxın sahələrin inkişafına şərait yaradır. Bugünkü konfransda da gənc kadrlar hazırlanır. Onlar konfrans çərçivəsində görüb eşitdiklərini sonradan təcrübəyə yönəldəcəklər. Bütün bunlar da səhiyyənin inkişafına şərait yaradacaq”.

Simpoziumun digər fəxri prezidenti, Qafqaz Universitetinin rektoru Əhməd Saniç isə çıxışında Heydər Əliyevin ölkədə səhiyyənin inkişafı, tibb kadrlarının hazırlanmasına həmişə diqqət və qayğı ilə yanaşdığını söyləyib. Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyəti dövründə minlərlə azərbaycanlı tələbi tibb təhsili almaq üçün Türkiyəyə göndərib: “Bu gün prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində minlərlə gənc Türkiyə də daxil olmaqla, digər dünya ölkələrdə təhsilini davam etdirir. Bu da ölkə səhiyyəsinin inkişafı, lazımlı kadrların hazırlanmasına mühüm imkanlar yaradır”.

Tədbirin davamında Türkiyənin DAS dərnəyinin sədri Murat Günaydın və digər qonaqlar mövzu ətrafında məruzələr təqdim edib, qarşılıqlı fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR