Tiflisdə "Dövlət qulluğunda islahatlar" adlı VII iclas keçirilib

Tiflisdə "Dövlət qulluğunda islahatlar" adlı VII iclas keçirilib
# 16 oktyabr 2014 21:57 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Oktyabrın 17-də Gürcüstan paytaxtında Avropa Birliyi (AB) və Gürcüstanın Avropa və Avropa strukturlarına inteqrasiya məsələləri üzrə dövlət nazirliyinin təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı ölkələri çərçivəsində "Dövlət qulluğunda islahatlar" adlı VII iclas keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə AB-nin, Şərq Tərəfdaşlığı ölkələrinin ekspertlər qrupu, beynəlxalq təşkilatların və QHT nümayəndələri iştirak edib. Tədbirin keçirilməsində məqsəd Şərq Tərəfdaşlığı ölkələrində dövlət idarəçiliyi islahatlarının gücləndirilməsi sahəsində qarşılıqlı fikir mübadiləsi aparmaq, dövlət idarəçiliyində peşəkarlığın və təcrübələrin öyrənilməsidir. Tədbirdə Avropa nümayəndə heyətinin üzvləri, Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Rumıniya, Finlandiya, Hollandiya, Ermənistan, Ukrayna və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər. İclasda ekspertlər tərəfindən hesabatlar təqdim edilib, effektli diskussiya şəraitində şərhlər söylənilib. VII iclasda Azərbaycan nümayəndə heyətini 2 nəfər təmsil edib. Hesabat xarakterli çıxışlarda Azərbaycanın 2014-cü ildə Şərq Tərəfdaşları ölkələri içərisində dövlət qulluğu islahatlarının həyata keçirilməsində olan yüksək göstəriciləri vurğulanıb.

Tədbirdə Azərbaycanın Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə komissiyasının sektor müdiri Nərmin Zeynalova çıxış edib. O, çıxışında tədbir iştirakçılarına Azərbaycanda dövlət qulluğu sahəsində komissiyanın həyata keçirdiyi müsbət işlər barədə ətraflı məlumat verib.

Tədbir günortadan sonra panellərdə davam edib. Panellərdə digər məsələlərlə birgə, Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada dövlət qulluğu peşəkarlığına aid fikirlər bildirilib. İclasda qeyd edilib ki, noyabrın 4-5-də Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə peşəkarlığa həsr edilən konfrans keçiriləcək.

Tallində yerləşən Şərq Tərəfdaşlığı üzrə Estoniya Mərkəzinin eksperti Aleksey Sekaryev APA-ya açıqlamasında qeyd olunan mövzuda təşkil olunan iclaslarda dövlət idarəçiliyi islahatları məsələlərindən danışıldığını bildirib: "Mən bu mövzuda keçirilən 6 iclasda iştirak etmişəm. Bu tədbirlərdə danışıqların məzmunu getdikcə intensivləşir, dövlət idarəçiliyinin müxtəlif aspektləri göstərilir. Məsələn, Cənubi Qafqaz ölkələrində dövlət idarəçiliyi islahatları hər ölkənin özünəməxsus mədəni və tarixi ənənələri ilə həyata keçirilir. AB-nin hüquq kodeksi qaydaları ilə imkanlar verilir ki, onlar öz dövlətlərini özlərinin istəyi ilə qursunlar. Bu prinsip bütün Şərq Tərəfdaşlığı ölkələrinə, eyni zamanda AB-nə üzv olan ölkələrinə aiddir. Gürcüstanın, Ermənistanın və Azərbaycanın dövlət idarəçiliyi məsələsində özünəməxsus mövqeyi var. Məsələn, Azərbaycan dövlət strukturlarının, dövlət institutlarının inkişaf etdirilməsində lider mövqe tutur. Buna səbəb ölkədə daimi sabitliyin bərqərar olmasıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR