Gürcüstanın dövlət naziri: “Yolumuz yalnız Avropa yoludur” - FOTO

Gürcüstanın dövlət naziri: “Yolumuz yalnız Avropa yoludur” - <span style="color: red;">FOTO
# 30 iyul 2014 16:32 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuliyə səfər edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dövlət naziri öncə azərbaycanlı gənclərlə görüşüb. Görüş zamanı dövlət naziri Avropa Birliyi (AB) ilə Gürcüstan arasında imzalanan saziş haqqında, eyni zamanda Gürcüstanın NATO-ya üzvlük məsələsi barədə danışıb.

Sonra Marneulidə fəaliyyət göstərən QHT rəhbərləri, jurnalistlər və rayon rəhbərliyi, eyni zamanda tələbələrin iştirakı ilə Aleksi Petriaşvili ilə görüş təşkil olunub. A. Petriaşvili AB ilə assosiasiya sazişi imzalandıqdan sonra Gürcüstanın üzərinə düşən öhdəliklər, beynəlxalq təhlükəsizlik, ölkənin NATO-ya üzv olması məsələləri və Gürcüstan vətəndaşlarının Avropaya vizasız gedib-gəlməsinin sadələşdirilməsi barədə tədbir iştirakçılarını məlumatlandırıb, sualları cavablandırıb. Dövlət naziri bildirib ki, Gürcüstanın regionları da Avropa layihələrinə qoşulacaq, əhalinin əmək şəraiti, təhsilin keyfiyyəti yaxşılaşacaq və gənclər Avropanın ali məktəblərində ali təhsil alacaqlar.

O qeyd edib ki, Gürcüstan və Avropa arasında ixrac və idxal prosesi sadələşdiriləcək, Avropa standartlarına cavab verəcək azad ticarət fəaliyyət göstərəcək və 500 milyonluq bazar açılacaq. A. Petriaşvili saziş imzalandıqdan sonra Gürcüstanın Avropanın tamhüquqlu üzvü olması üçün qarşıda duran ən mühüm işlərdən danışıb və bu öhdəliklərin həyata keçirilməsi ilə bağlı Avropadan gələn ekspertlərin monitorinq keçirəcəklərini bildirib: “Biz hakimiyyətə gəlməmişdən əvvəl dövlətin kursunun dəyişməyəcəyini vəd etmişdik. İndi də qeyd edirik ki, yolumuz yalnız Avropa yoludur. Əlbəttə, bu yolda modernləşmə olacaq və yeniliklər hər bir sahəni əhatə edəcək. Bizim Avropa yolunu tutmağımıza baxmayaraq, strateji məqsədimiz dəyişməyəcək. Biz Gürcüstanın ərazi bütövlüyünü təmin etməyə çalışacağıq. Avropa isə bu istiqamətdə bizi dəstəkləyir”.

A. Petriaşvili APA-ya açıqlamasında yalnız Avropa ilə deyil, qonşu, tərəfdaş ölkələrlə, eyni zamanda dost ölkə Azərbaycanla münasibətlərin daha da yaxşılaşacağına çalışacaqlarını bildirib: “Azərbaycan bizimlə qardaş, dost və strateji tərəfdaş ölkədir. Bizim Azərbaycanla bir çox sahədə əlaqələrimiz var. Eyni zamanda enerji, nəqliyyat istiqamətində mühüm və beynəlxalq əhəmiyyətli layihələr həyata keçiririk. Bu əlaqələrimiz getdikcə inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR