TQDK Azərbaycanda dərsliklərin hazırlanması üçün müəllif məktəbinin yaradılmasını təklif edir

TQDK Azərbaycanda dərsliklərin hazırlanması üçün müəllif məktəbinin yaradılmasını təklif edir
# 29 aprel 2013 12:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda dərsliklərin hazırlanması üçün müəllif məktəbi və ya kursunun yaradılmasını təklif edir.

Bunu APA-ya açıqlamasında TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva deyib.

Onun sözlərinə görə, xarici ölkələrdə belə bir təcrübə var - müəllif məktəbində və ya xüsusi müəllif kursunda müəllimlərə dərsliyin standartları, xüsusiyyətləri öyrədilir: “Dərsliyin hazırlanması zamanı bu kurslardan olan layiqli müəlliflər seçilir. TQDK olaraq Azərbaycanda da belə bir məktəb və kursun yaradılmasını təklif edirik. Çünki yeni yazılan dərsliklərdə müəllif seçimi düzgün aparılmalıdır. Müəlliflər işinin mütəxəssisi, təcrübəli və məktəbdən xəbəri olan birisi olmalıdır. Buna görə də gələcəkdə ölkədə müəllif məktəbi, kursları, dərsliyi ekspertizadan keçirən ekspertlərin kursları təşkil olunmalıdır. Digər ölkələrdə bunu böyük nəşriyyatlar özləri həyata keçirir. Çünki onlar maraqlıdır ki, hazırladıqları dərsliklər yaxşı müəlliflər tərəfindən hazırlansın”.

A.Batıyeva qeyd edib ki, orta məktəb dərsliklərini Qiymətləndirmə Şurasından keçirərkən daha ciddi olmaq, rəylərə və təkliflərə ciddi yanaşmaq lazımdır. Onun fikrincə, bu prosesdə təkcə müəllimlər yox, alim və metodistlər də ekspert qruplarının tərkibində olmalıdır: “Düzdür, bizdə deyilir ki, Dərslikləri Qiymətləndirmə Şurasının ekspertləri dəfələrlə xaricdə olur, müzakirələrdə iştirak edir və beynəlxalq təcrübəni bilirlər. Amma aparılan monitorinqlər nəticəsində təcrübə və bir neçə dərsliklə bağlı Təhsil Nazirliyindən aldığımız ekspertiza rəylərindən görürük ki, bu işə elə də ciddi yanaşılmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR