“Azercell” şirkəti “SimSim” abunəçilərinin internet paketlərindən istifadə qaydalarını dəyişdirir

“Azercell” şirkəti “SimSim” abunəçilərinin internet paketlərindən istifadə qaydalarını dəyişdirir
# 11 fevral 2013 13:52 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Fevralın 12-dən etibarən “Azercell Telekom” şirkətinin “SimSim” abunəçilərinin internet paketlərindən istifadə qaydaları dəyişdiriləcək.

«APA-Economics»in «Azercell»ə istinadən verdiyi məlumata görə, sifariş edilmiş internet paketlərinin hər birinə abunəlik qaydası tətbiq ediləcək. Yəni müvafiq paketin 30 günlük istifadə müddəti bitdikdə, nömrənin balansında kifayət qədər vəsait olduqda, abunəlik avtomatik davam etdiriləcək.

Balansda kifayət qədər vəsait olmadıqda, sistem 8 saat ərzində balansın artırılmasını yoxlayacaq və paketin yenilənməsinə cəhd edəcək. Kiçik həcmli paketlər (30 MB, 100 MB, 300 MB) 30 gündən əvvəl bitdikdə, internet xidmətindən istifadə avtomatik dayandırılacaq və yeni paketin sifariş olunması təklif olunacaq.

Böyük həcmli paketlər (1 GB, 5 GB, 15 GB) 30 gündən əvvəl bitdikdə, internet xidmətindən istifadə 30 günlük istifadə müddətinin sonunadək pulsuz olacaq və paketdən asılı olaraq əlavə trafikə fərqli sürət – 1 GB-lıq paketdə GPRS sürəti (64 Kbit/s-dək), 5 və 15 GB-lıq paketlərdə isə EDGE sürəti (128 Kbit/s-dək) tətbiq olunacaq.

Bütün paketlərdə 30 gün ərzində istifadə edilməyən həcmin qalığı ləğv olunacaq.

Fevralın 12-dən əvvəl İnternet paketinə qoşulan abunəçilər üçün yeni qayda mövcud paketin 30 günlük istifadə müddəti bitdikdən sonra yeni sifariş zamanı tətbiq olunacaq. Mövcud paketin istifadəsini dərhal dayandırmaq və yeni qaydaya 30 günlük istifadə müddəti bitmədən əvvəl keçmək üçün imtina sözü 2525-ə göndərilməli (1 SMS - 1 qəpik) və yeni sifariş edilməlidir. Yeni internet paketi sifariş edilmədikdə, istifadə olunan hər MB istifadə olunan tarifin internet qiymətinə uyğun hesablanacaq. İnternet paketlərinin sifarişi üçün istifadə edilən açar sözləri (paketin MB həcmi rəqəmlə) eyni olaraq qalır.

Qeyd edək ki, abunəçinin istifadə etdiyi nömrənin balansında müxtəlif əsaslar ilə verilmiş (kampaniya, aksiya və s. qayda təqdim edilənlər) internet trafikinin bitməsindən, yaxud avtomatik silinməsindən əvvəl yeni internet paketini sifariş etmək mümkün deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR