Azərbaycanda yaradılacaq sənaye parklarında sahibkarlara vergi, gömrük və icarə haqları güzəştləri veriləcək

Azərbaycanda yaradılacaq sənaye parklarında sahibkarlara vergi, gömrük və icarə haqları güzəştləri veriləcək
# 29 aprel 2013 13:29 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu, prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş «Sənaye parkları haqqında Nümunəvi Əsasnamə»də nəzərdə tutulub.

İş adamları və özəl şirkətlər sənaye parkında parkın operatoru ilə müqavilə bağlamaqla fəaliyyət göstərə bilərlər. Bunun üçün onlar parkda həyata keçirmək niyyətində olduqları investisiya layihəsi və s. sənədlərlə idarəedici şirkətə müraciət etməlidirlər. Ərizəçi tərəfindən təqdim olunan investisiya layihəsi sənaye parkının profilinə və istehsal (emal) olunan sənaye məhsulları üzrə prioritetlərə uyğun olmalı, burada məhsul (iş, xidmət) istehsalı (emalı) üzrə müasir texnologiyalar tətbiq edilməli, eləcə də investisiya layihəsi üzrə istehsalı nəzərdə tutulan məhsul (işin, xidmətin) innovasiya və ixracyönlü, habelə rəqabətə davamlı olmalıdır. Sənaye parklarında həyata keçiriləcək investisiya layihəsinin sosial, ətraf mühitə və yeni iş yerlərinin açılmasına təsiri də qiymətləndiriləcək. Nəhayət, bu layihəyə investisiyanın həcmi səlahiyyətli orqanın müəyyən etdiyi minimal həddə uyğun olmalıdır.

Əsasnaməyə görə, sənaye parkı ilə bağlı bəzi stimullaşdırıcı tədbirlər müəyyən edilə bilər. Bura vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər, sənaye parkının infrastrukturla təmin edilməsi, torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi, güzəştli kreditlərin verilməsi, inzibati proseduraların sadələşdirilməsi aiddir. Bundan başqa, sənaye parklarında sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili, istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi də mümkündür.

Sənədə əsasən, sənaye parkları təkcə dövlət torpaqlarında deyil, bələdiyyə və xüsusi torpaqlarda da yaradıla bilər. Belə parklar birgə sənaye parkı sayılır. Birgə sənaye parkının yaradılması haqqında qərar dövlət torpaqlarına münasibətdə səlahiyyətli orqanın təklifi əsasında Azərbaycan prezidenti, bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə xüsusi mülkiyyətçi tərəfindən qəbul edilir.


Birgə sənaye parkının fəaliyyətinin təşkili və idarə olunması xərcləri dövlətin, bələdiyyənin və xüsusi mülkiyyətçinin iştirak payına uyğun olaraq müəyyən edilir. Sənaye parkının yaradılması və fəaliyyətinin təşkili dövlət büdcəsinin vəsaiti, idarəedici təşkilatın əldə etdiyi gəlirlər və qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Əsasnaməyə görə, sənaye parkının yaradılması haqqında qərar qəbul edildikdən sonra, 5 il ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair heç bir müqavilə bağlanmadıqda və ya əvvəl bağlanmış müqavilələr qüvvədən düşdükdə, sənaye parkı ləğv edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR