Bordo Müsəlman Məscidinin rəhbəri Tareq Ubru: “Azərbaycandakı yüksək tolerantlıq ənənələri digər ölkələri üçün örnək ola bilər” - FOTO

Bordo Müsəlman Məscidinin rəhbəri Tareq Ubru: “Azərbaycandakı  yüksək tolerantlıq ənənələri digər ölkələri üçün örnək ola bilər” - <span style="color: red;">FOTO
# 19 aprel 2013 12:52 (UTC +04:00)

Bakı-APA. Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Fransanın müxtəlif dini icmalarının və ictimai təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub. AAC-dan APA-ya verilən məlumata görə, Fransanın “Fəxri Legion” ordeni mükafatçısı, Bordo Müsəlman Məscidinin rəhbəri və Fransanın cənub-qərb bölgəsinin müftisi Tareq Ubrunun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Fransa İslam Yardımı Təşkilatının Baş katibi və Bordo ofisinin rəhbəri xanım Xədicə Ubru, Jirond Müsəlman Federasiyasının Baş katibi Müslim Şərafəddin, Fransa Yəhudi icmasının Akvatin Şurasının və Fransadakı yəhudilərin mərkəzi məhkəməsinin Bordo regional nümayəndəsi Didye Quec, “Hexagone Partners” təşkilatının direktoru Qay Antuan Kasteks və Fransa Terror Qurbanları Assosiasiyasının vitse-prezidenti Pyer Koneza daxildir.

Səfərin təşkilində məqsəd “Azərbaycan dini tolerantlığın modeli kimi” mövzusunda yerli dini qurumlar, dövlət və ictimai təşkilatlarla görüşlər keçirmək və bu görüşlərdə Fransa-Azərbaycan qarşılıqlı əlaqələrinin inkişafı və möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq imkanlarının müzakirə olunmasıdır. Bu tədbirin davamı olaraq 2013-cü il iyunun 15-də Fransanın Bordo şəhərində və Fransa Senatında eyni adlı mövzu üzrə konfransların keçirilməsi də planlaşdırılıb.

Səfər zamanı fransalı qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Nümayəndə heyəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, xarici işlər naziri Elmar Məmmədyarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, İRŞAD" İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev, Avropa və gürcü yəhudiləri dini icmalarının rəhbərləri ilə görüşlər keçiriblər.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyenin iqamətgahında Bordo təmsilçilərinin şərəfinə təşkil olunan naharda Azərbaycandakı dini konfessiyaların nümayəndələri, o cümlədən Azərbaycandakı Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının başçısı arxiyepiskop Aleksandr İşin, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Müqəddəs Məryam Katolik kilsəsinin yepiskopu Vladimir Fekete ilə görüşüblər.

Daha sonra qonaqlar “Bibiheybət” məscidini, Qubadakı kütləvi soyqırımı məzarlığını və Qubada dağ yəhudilərinin kompakt şəkildə yaşadıqları “Qırmızı Qəsəbə” də fəaliyyət göstərən iki sinaqoqu ziyarət ediblər. Müsəlman icmasının nümayəndələri Qubadakı “Göy Məscid”də namaz qılıblar.

Nümayəndə heyəti həmçinin, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçirilən “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdırlar” adlı beynəlxalq konfransın işində də iştirak edib.

Nümayəndə heyətinin rəhbəri Tareq Ubru səfərin yekunlarına dair qısa açıqlama verərək bildirib ki, görüşlər olduqca maraqlı, məhsuldar və qarşılıqlı etimad şəraitində keçib: “Mən və həmkarlarım bir daha əmin olduq ki, Azərbaycan islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla, dünyəvi və çoxkonfessiyalı dövlətdir. Ölkənizdə dini konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan mehriban dostluq və əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycanda yüksək tolerantlıq ənənələri formalaşıb və bu model digər ölkələr üçün örnək ola bilər. Fikrimcə, bu sahədə ölkənizin zəngin təcrübəsinin öyrənilməsi olduqca vacibdir və Azərbaycanın səsinin Avropaya çatdırılmasında, Fransa ilə münasibətlərin daha da dərinləşməsi üçün əlimizdən gələni etməyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR