İspaniya millisi futbol üzrə Avropa çempionatının qalibi olub

İspaniya millisi futbol üzrə Avropa çempionatının qalibi olub
# 02 iyul 2012 07:30 (UTC +04:00)
Bakı-APA. İspaniya yığması “Euro-2012”nin qalibi olub. APA-nın məlumatına görə, dünən Kiyevin “Olimpiyskiy” stadionunda keçirilən final matçında İspaniya millisi İtaliya yığmasını darmadağın edib – 4:0. Hesabı 14-cü dəqiqədə David Silva açıb, o, Sesk Fabrekasın gözəl ötürməsini qola çevirib. Birinci hissənin sonlarına yaxın Xordi Alba Xavinin gözəl ötürməsini qola çevirərək komandasının üstünlüyünü iki topa çatdırıb.

İkinci hissə də ispanların üstünlüyü ilə keçib. 84-cü dəqiqədə Fernando Torres, dörd dəqiqə sonra isə Xuan Mata qol vuraraq İspaniyanın 4-0 hesablı qələbəsini rəsmiləşdiriblər.
İtaliya yığması ikinci hissəni azlıqda keçirib. Tyaqo Motta zədələnərək meydanı tərk edib və italyanlar üç dəyişiklik hüququndan istifadə etdikləri üçün son yarım saatı azlıqda oynamalı olublar.

Final matçının ən yaxşı oyunçusu İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta seçilib.

İspaniya yığması finalda qalib gəlməklə özünəməxsus rekord müəyyənləşdiriblər. İndiyədək heç bir yığma komanda ard-arda üç böyük turnirin qalibi ola bilməmişdi. İspanlar 2008-ci ildə Avropa çempionu, 2010-cu ildə dünya çempionu olublar və 2012-ci il Avropa çempionatının qalibi olmaqla yeni rekorda imza atıblar.

İspaniya yığmasının baş məşqçisi Visente del Boske ard-arda dünya çempionatı və Avropa çempionatının qalibi olmaqla alman Helmut Şenin göstəricisini təzələyib. Del Boske həmçinin dünyada Çempionlar Liqası, Avropa çempionatı və dünya çempionatının qalibi olmuş yeganə baş məşqçidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR