Qəbələ və İsmayıllıda “Gənclər zərərli vərdişlərə qarşı birləşir!” devizi altında tədbir keçirilib

Qəbələ və İsmayıllıda “Gənclər zərərli vərdişlərə qarşı birləşir!” devizi altında tədbir keçirilib
# 19 may 2012 14:42 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov-APA. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ və İsmayıllı rayonlarında “Gənclər zərərli vərdişlərə qarşı birləşir!” devizi altında tədbir keçirilib. APA-nın məlumatına görə, bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya, alkoqollu içkilər, siqaret və digər zərərli vərdişlərə qarşı çıxmaq, gənclərin neqativ meyllərə qarşı mübarizədə profilaktik tədbirlərin həyata keçirilməsi üçün səfərbər olmasını təmin etmək məqsədilə keçirilən tədbirdə Gənclər və İdman Nazirliyinin, rayon icra hakimiyyətlərinin məsul şəxsləri gənclərə zərərli vərdişlərin törətdiyi fəsadlar barədə geniş məlumat verib. Bildirilib ki, zərərli vərdişlərə qarşı təkcə hüquq-mühafizə orqanlarının gücündən istifadə etməklə mübarizə aparmaq mümkün deyildir, bu işdə ictimaiyyətin bütün təbəqələri, o cümlədən gənclər fəal iştirak etməli, Azərbaycan xalqının gələcəyini, onun genofondunu düşünən hər bir şəxs bu mübarizəyə qoşulmalıdır.
Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənclər arasında narkomaniyaya, cinayətkarlığa, QİÇS-ə və digər neqativ meyllərə qarşı mübarizədə profilaktik tədbirlərin həyata keçirilməsidir. İştirakçılara maarifləndirici kitabçalar paylanılıb. Tədbir gənc müğənnilərin ifası ilə davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR