Məhkəmə Orxan Kərimovun vəsatətlərini təmin etməyib

Məhkəmə Orxan Kərimovun vəsatətlərini təmin etməyib
# 04 aprel 2012 14:50 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Vüsal Orucov ötən məhkəmə iclası zamanı O. Kərimovun vəkili Ramiz Məmmədov tərəfindən verilən vəsatətlərə münasibət bildirib. V. Orucov vəsatətlərin təmin olunmamasını məhkəmədən xahiş edib. Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hakim vəsatətlərin təmin olunmadığını açıqlayıb. Proses aprelin 18-də davam etdiriləcək.

Qeyd edək ki, ötən proses zamanı vəkil Ramiz Məmmədov vəsatətlərlə çıxış edərək Orxan Kərimovun barəsində seçilən həbs-qətimkan tədbirinin martın 4-də başa çatdığını və həmin tarixdən sonra müdafiə etdiyi şəxsin həbsdə saxlanılmasının qanunsuz olduğunu deyib. Sonra R. Məmmədov O. Kərimovun qayınanasına məxsus mənzildə aparılan axtarışların nəticələrinin sübutlar siyahısından çıxarılması barədə vəsatət verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR