Çexiya parlamenti Senatının sədri Azərbaycan prezidentinin şərəfinə nahar verib

Çexiya parlamenti Senatının sədri Azərbaycan prezidentinin şərəfinə nahar verib
# 05 aprel 2012 22:37 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, Senatın sədri Milan Ştex çıxış edərək Azərbaycan ilə Çexiya arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının əhəmiyyətini vurğulayıb. O, parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunaraq bildirib ki, Azərbaycan ilə Çexiya arasında iqtisadi sahədə də əlaqələr uğurla inkişaf edir. Senatın sədri deyib ki, ölkəsi Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Çexiya regionda Azərbaycanın rolunu yüksək qiymətləndirir.
Prezident İlham Əliyev naharda çıxış edib. Dövlət başçısı iki il əvvəl “Şərq tərəfdaşlığı” Sammitində iştirak etmək üçün Praqada səfərdə olduğunu, bu dəfə isə bu ölkəyə dövlət səfərinə gəldiyini bildirib.
Bu səfərin faktiki olaraq ikitərəfli münasibətlərimizin səviyyəsini təcəssüm etdirdiyini vurğulayan Azərbaycan prezidenti deyib: “Cənab sədr, siz tamamilə doğru qeyd etdiniz ki, münasibətlərimiz son bir neçə ildə çox fəal və dinamik müstəviyə keçib. Prezident Klausun keçən il Azərbaycana dövlət səfəri, mənim isə Çexiya Respublikasına dövlət səfərim bu əlaqələrin hər iki ölkə üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Biz bu günlər bu əlaqələrin necə dinamik inkişaf etdiyinin şahidiyik. Bizim, həmçinin cənab Sobotkanın Bakıya səfəri ilə bağlı xoş xatirələrimiz var.
Fürsətdən istifadə edərək mən sizi, cənab sədr, Bakıya dəvət etmək istərdim. Biz çox fəal siyasi dialoq aparırıq və demək istərdim ki, ölkələrimiz arasındakı siyasi əlaqələr ən yüksək səviyyədədir.
Siz, həmçinin ölkələrimizin iqtisadi potensialını qeyd etdiniz. Bizim olduqca sürətli iqtisadi inkişafımızın və iqtisadi dövriyyəmizin artımına baxmayaraq, hər iki ölkənin mövcud potensialı hələ xarici ticarət dövriyyəmizdən daha artıqdır. Biz Çexiya şirkətlərini Azərbaycanda işləməyə çağırırıq. Onları tərəfdaşlarımız, sərmayədarlarımız və podratçılarımız olmağa dəvət edirik. Biz artıq əməkdaşlığımızın iqtisadi tərəfini müzakirə etdik. Əminəm ki, bu səfər qarşılıqlı faydalı iqtisadi əlaqələrin daha da inkişafına böyük təkan verəcək
Biz çox şadıq ki, Azərbaycan Çexiya üçün Cənubi Qafqazda bir nömrəli iqtisadi tərəfdaşdır. Biz inanırıq ki, Çexiya Respublikası da Azərbaycan üçün iqtisadi və siyasi planlarımızı nəzərə alaraq mühüm əhəmiyyət kəsb edən ölkələrdən biridir. Mən, həmçinin şadam ki, enerji sahəsində də əməkdaşlıq olduqca uğurla inkişaf edir və bu sahəni daha da inkişaf etdirmək üçün potensial böyükdür.
Biz mədəniyyət, turizm və humanitar sahələri əhatə edən sənədlər imzaladıq. Bu, onu göstərir ki, həmin sahələr də diqqətdən kənarda qalmır. Buna görə də münasibətlərimiz, əlaqələrimiz olduqca geniş və ümidvericidir.
Bu gün burada - Senatda olmaqla mən hər iki ölkənin parlamentləri arasında təmasların nə dərəcə də əhəmiyyətli olduğunu qeyd edirəm. Azərbaycan parlamentinin keçmiş üzvü kimi deyə bilərəm ki, ölkələrimizin parlamentariləri arasındakı əlaqələr çox uğurludur və xatırlayıram ki, 10 il bundan əvvəl Azərbaycan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü seçildi və Çexiya Respublikası Parlamentinin üzvləri bizim ən böyük dəstəkçilərimiz olub”.
Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakıda keçirilən Avronest Parlament Assambleyasının sessiyasının əhəmiyyətindən danışıb.
Nahardan sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Senatın Fəxri qonaqlar kitabını imzalayıblar.
Dövlət başçısına və xanımına Çexiya Senatının fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Senat şəhərin tarixi binalarından birində yerləşir. Bu bina memarlıq quruluşu ilə Praqaya xüsusi gözəllik verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR