BMT Azərbaycana kosmik sahədə 5 beynəlxalq sazişə qoşulmağı tövsiyə edib

BMT Azərbaycana kosmik sahədə 5 beynəlxalq sazişə qoşulmağı tövsiyə edib
# 23 fevral 2012 08:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin Vyanaya (Avstriya) səfəri başa çatıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanla Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə qarışıq komissiyanın VII iclası keçirilib. Komissiyanın iclasına Azərbaycan tərəfdən həmsədrliyi Ə.Abbasov, Avstriya tərəfdən isə bu ölkənin iqtisadiyyat, ailə və gənclər üzrə federal nazirin müavini Bernadette Qirlinger edib.

İclasın əvvəlində hər iki ölkənin iqtisadi göstəriciləri, eləcə də qarşılıqlı ticarət dövriyyəsi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti barədə məruzə edilib. Qeyd olunub ki, Avstriya Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələri ilə əməkdaşlığa maraq göstərir və region ölkələri içərisində böyük iqtisadi potensiala malik Azərbaycan Avstriya tərəfi üçün xüsusi əhəmiyyət kəsb edir.

Bundan başqa iclasda bildirilib ki, ötən illər ərzində hər iki ölkə arasında ticarət dövriyyəsinin həcmində artım qeydə alınıb. Belə ki, 2010-cu ildə Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsi 150 mln. avro təşkil etmişdisə, 2011-ci ilin ilk 9 ayı ərzində 138,9 mln. avroya bərabər olub. Bu da qarşılıqlı ticarət dövriyyəsində rekord göstəricinin əldə olunacağını proqnozlaşdırmağa imkan verir.

İclas zamanı ikitərəfli ticari və iqtisadi əlaqələrin mövcud vəziyyəti, perspektivlər, Avropa Birliyi-Azərbaycan əlaqələri, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü kimi məsələlər müzakirə edilib. Eyni zamanda iclasda qarşılıqlı ticarət dövriyyəsi və iki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsinin yüksəldilməsi məqsədilə yeni əməkdaşlıq sahələri barədə fikir mübadiləsi aparılıb.

Nazir Ə.Abbasov Avstriyaya səfər çərçivəsində nəqliyyat, innovasiya və texnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhard, BMT-nin Kosmik Məsələlər Ofisinin direktoru xanım Mazlan Otmanla da görüşlər keçirib.

M.Otmanla keçirilən görüşdə Azərbaycanın BMT-nin Kosmik fəzanın sülh məqsədləri üçün öyrənilməsi üzrə Komitəyə üzv seçilməsini nəzərə alaraq, BMT tərəfindən Azərbaycan hökumətinə bu sahədə 5 sazişə qoşulmaq tövsiyə olunub. Eyni zamanda komitə və Azərbaycan hökuməti arasında gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qarışıq komissiyanın iclası çərçivəsində Avstriya Federal İqtisadi Palatası ilə birgə Avstriya və Azərbaycanın aparıcı şirkətlərinin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən biznes forum keçirilib. Forumda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndəsi Azərbaycan iqtisadiyyatı, iqtisadi inkişafın əsas istiqamətləri, ölkədə aparılan islahatlar, investisiya imkanları barədə geniş təqdimatla çıxış edib. Sonra hər iki ölkənin aparıcı şirkətlərinin təmsilçiləri «dəyirmi masa» ətrafında görüşlər keçirib, işgüzar münasibətlərin qurulması üçün tanışlıq söhbəti aparmaq imkanı əldə ediblər.

Azərbaycan şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Avstriyanın aparıcı İKT şirkəti olan «Kapsch Group» şirkətinə tanışlıq səfəri edib.

Bundan başqa, fevralın 22-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın Avstriyadakı səfirliyi ilə birgə «Azərbaycan günü» təşkil edib. Tədbirdə Avstriya hökumət üzvləri, Azərbaycan Milli Məclisinin deputatları, Avstriyada yerləşən diplomatik nümayəndəliklərin rəhbərləri, bir sıra şirkət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, qarışıq komissiyanın iclasları 1998-ci ildə Azərbaycan və Avstriya hökumətləri arasında imzalanmış «İqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq haqqında Saziş»ə uyğun olaraq hər iki ildən bir keçirilir. Qarışıq komissiyanın növbəti, VIII iclasının 2014-cü ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR