Azərbaycanda İtaliya kino həftəsinin keçirilməsinə dair razılıq əldə olunub

Azərbaycanda İtaliya kino həftəsinin keçirilməsinə dair razılıq əldə olunub
# 04 oktyabr 2012 09:06 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Oktyabrın 4-5-də Bakıda keçiriləcək Humanitar Forum çərçivəsində ölkəmizdə səfərdə olan İtaliya nümayəndə heyəti ilə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva arasında görüş keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Roma Ticarət Palatasının prezidenti C.Kremenezi, palatanın baş katibi P.Abate, iqtisadiyyat bölməsinin rəhbəri Nikola Koluççi, Roma merinin mədəniyyət müşaviri və Zetema təşkilatının prezidenti Françesko Markolini və Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov iştirak ediblər.

Görüş zamanı İtaliya ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, mövcud münasibətlərdən böyük məmnunluq duyulduğu bildirilib. Nazir müavini Sevda Məmmədəliyeva İtaliya ilə ölkəmiz arasında həyata keçirilən mədəni layihələrdən söz açıb, xüsusilə cari ilin fevral ayından may ayına kimi Romanın Sivilizasiyalar Muzeyində keçirilmiş "Azərbaycan İpək Yolunda» adlı sərginin əhəmiyyətindən danışıb.

Nümayəndə heyətinin rəhbəri C.Kremenezi Azərbaycanla münasibətlərin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və bir neçə yeni layihələr təklif edib. Təklif olunan layihələr arasında Azərbaycanda İtaliya kino həftəsinin keçirilməsi layihəsi xüsusilə maraq doğurub. Sonra nazir müavini qonaqları 2013-cü ilin 29 may-1 iyun tarixlərində Bakıda keçiriləcək II Mədəniyyətlərarası Dialoq Forumuna, habelə ölkəmizdə keçirilən digər beynəlxalq festival və tədbirlərdə iştirak etməyə dəvət edib. Görüşün sonunda nümayəndə heyətinə xatirə hədiyyələri təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR