Qadın QHT rəhbərləri Nigar Yaqublunun həbsi ilə bağlı tədbir keçirib

Qadın QHT rəhbərləri Nigar Yaqublunun həbsi ilə bağlı tədbir keçirib
# 28 sentyabr 2012 12:20 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun həbsi ilə bağlı qadın QHT rəhbərlərinin toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda N. Yaqublunun müdafiə işi üzrə təkliflər irəli sürülüb.

Toplantıda çıxış edən İctimai Palatanın (İP) Koordinasiya Şurasının üzvü Mehriban Vəzir hadisənin ehtiyatsızlıqdan baş verdiyini vurğulayıb: “Heç kim bu cür bədbəxt hadisələrdən sığortalanmayıb. Hadisə nəticəsində bizə ikitərəfli ziyan dəyib. Həm öz silahdaşımızı itirmişik, həm də bizə yaxın olan gəncimiz həbs edilib. Nigara qarşı haqsızlıq olub. Ona qarşı çıxarılan bu qərar bizdə təəssüf hissi doğurur”.

Dilarə Əliyeva adına “Qadın Hüquqları Komitəsi”nin sədri Novella Cəfəroğlu isə Nigar Yaqublunun həbsi və onun hüquqi tərəfləri haqqında danışıb. O, bildirib ki, komitə olaraq bu haqda bütün səfirliklərə və aidiyyəti qurumlara müraciət ünvanlanıb, lakin faydası olmayıb: “İlk növbədə Nigar psixoloji sarsıntı keçirib. Onun həkim məsləhətinə ehtiyacı var. Amma həbsdə saxlanması buna imkan vermir. Biz onun səhhəti ilə bağlı vəkil Aslan İsmayılova da məlumat vermişik. Nigarın azad olunması istiqamətində tədbirlər görməliyik”.

N. Cəfəroğlu qeyd edib ki, ziyalı qadınlar adından Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlanmalıdır: “Hesab edirəm ki, Nigara cinayət işinin açılmaması üçün ölkə qadınları adından Mehriban xanıma məktub ünvanlamalıyıq. Bu işə ziyalı qadınlar, millət vəkilləri və ölkənin qadınları cəlb olunmalıdır”.

Toplantıda müraciət üçün işçi qrupunun yaradılması, imza toplama kompaniyasına başlanılması və yaxın günlərdə Mehriban Əliyevaya məktub ünvanlanalacağı barədə qərar qəbul edilib.

Qeyd edək ki, N. Yaqublu Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı sentyabrın 11-də tutulub. Onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR