Azərbaycanda dövlət əmlakından istifadə vəziyyəti araşdırılır

Azərbaycanda dövlət əmlakından istifadə vəziyyəti araşdırılır
# 30 avqust 2012 08:52 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə ƏMDK-nin dövlət əmlakından səmərəli istifadə ilə bağlı açıqladığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, dövlət əmlakından, o cümlədən dövlət torpaqlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə nəzarətin daha da gücləndirilməsi məqsədlə ƏMDK-də xüsusi komissiya yaradılıb. Komissiya daşınmaz dövlət əmlakından və dövlətə məxsus torpaq sahələrindən istifadə vəziyyətinin səmərəliliyini araşdırmalı, dövlət əmlakından qeyri qanuni istifadə hallarını aşkara çıxarmalıdır.

Araşdırmalar zamanı ilk növbədə diqqət əmlakın və torpaq sahəsinin qorunub saxlanmasına və qeyri-qanuni istifadə hallarının aradan qaldırılmasına yetirilir. Bundan başqa, əmlakın istifadə vəziyyəti, ondan qanuni və ya qanunsuz olaraq istifadə edildiyi, eləcə də boş və istifadəsiz qalmış sahələr müəyyən edilir. «Komissiyanın apardığı araşdırmalar boş və istifadəsiz yerlərin aşkar edilməsinə imkan verəcək və dövlət və digər müəssisələrin yerləşdirilməsi üçün boş və istifadəsiz dövlət əmlakları barədə məlumat bankının yaradılmasında böyük rolu olacaq», - deyə məlumatda vurğulanır.

Komitə qeyd edir ki, indiyədək aparılan monitorinqlər nəticəsində dövlət əmlakından qeyri-səmərəli istifadə halları aşkara çıxarılıb. Qeyd etmək lazımdır ki, qanunvericiliyə görə, dövlət müəssisələrinin öz balanslarındakı daşınmaz əmlakı birbaşa istifadəyə və ya icarəyə vermək səlahiyyəti yoxdur və ƏMDK-nin səlahiyyətinə aiddir. Amma bəzi hallarda dövlət qurumları qanunun bu tələbini pozaraq balanslarında olan əmlakı digər şəxslərə icarəyə və istifadəyə verirlər. «Bəzən komitə tərəfindən icarəyə verilmiş əmlakın istifadəsindən icarəçinin imtina etməsi nəticəsində müqaviləyə xitam verilir, lakin həmin əmlakda qeyri-qanuni olaraq başqa təşkilatın yerləşməsinə balans saxlayıcı tərəfindən şərait yaradılır», - deyə Komitənin məlumatında bildirilir.

Adı çəkilən komissiya dövlətə məxsus torpaq sahələrindən istifadənin vəziyyətini də araşdırır. Monitorinqlər bu sahədə də pozuntuların olduğunu aşkar edib. Məsələn, məlum olub ki, dövlət müəssisəsinə məxsus torpaq sahəsində yerləşən yardımçı tikililər olan torpaq sahəsi bəzi hallarda müvafiq icra hakimiyyətinin qərarları ilə sahibkarlıq məqsədilə hüquqi və fiziki şəxslərə verilib. «Belə halların, eləcə də həmin torpaqlarda qeyri-qanuni tikintilərin qarşısının alınması üçün də tədbirlər görülür», - deyə məlumatda bildirilir. Hazırda monitorinqlər Bakı şəhərində aparılır, sonrakı mərhələdə isə respublikanın digər şəhər və rayonları da əhatə edəcək. Araşdırmalar başa çatandan sonra aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanacaq. Dövlət qurumlarına müraciət edilərək pozuntuların onların nəzərinə çatdırılması nəzərdə tutulur.

Komissiyanın apardığı monitorinqin nəticələri barədə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin və torpaqların istifadəsi vəziyyəti barədə analitik məlumatlar hazırlanacaq. Belə ki, dövlət əmlakından istifadə vəziyyəti konkret hallar üzrə araşdırılacaq ki, bu da vəziyyəti daha dəqiq öyrənməyə, çatışmazlıqları aşkar etməyə və daha təsirli tədbirlər görməyə imkan verməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR