Mübariz Əhmədoğlu: “Həmsədrlərin atdığı addımlar Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində müsbət irəliləyişləri korlayır”

Mübariz Əhmədoğlu: “Həmsədrlərin atdığı addımlar Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində müsbət irəliləyişləri korlayır”
# 24 iyul 2012 11:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Siyasi İnnovasiya və Texnalogiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, M. Əhmədoğlu diqqəti Dağlıq Qarabağda keçirilən seçkilərin beynəlxalq ictimiyyət tərəfindən qəbul olunmamasına, saxta seçki aksiyasının keçirilməsinə yönəldib. O deyib ki, qondarma qurumda keçirilən seçkilərdə özünü müxalifətin namizədi kimi təqdim edən Vitali Balasanyan çıxışlarının birində Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycanın ərazisi olmasını təsdiq edən fikir də söyləyib: “O Bako Saakyanın ünvanına bildirib ki, bu cür şəxslərin fəaliyyəti nəticəsində 1923-cü ildə Dağlıq Qarabağ əhalisi Azərbaycanın tərkibində qalmaqla bağlı razılıq verib. Bu məsələnin önəmi ermənilərin liderlərinin əsl həqiqəti dolayısı ilə açıqlamasıdır. Yəni bəzi ermənilərin dediyi kimi yox, Dağlıq Qarabağ məhz Azərbaycanın tərkibində olub”. Qondarma seçkiləri müşahidə edənlər haqda da danışan politoloq bu şəxsləri, ermənilərin cılız əlaltısı adlandırıb: “Seçki kampaniyasına Suriyadan gətirilən ermənilər də cəlb olunub. Bu məqam da dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır”.

M. Əhmədoğlu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini də tənqid edib: “Həmsədrlər bir müddət əvvəl 2 gün Dağlıq Qarabağda qaldılar. Onların bu səfərlərinin yalnız 4 saatı ictimaiyyət üçün açıqlandı. Maraqlıdır, görəsən qalan 44 saatı bunlar Qarabağda nə ediblər? Həmçinin, onların bəyanatları mahiyyət etibarı ilə Azərbaycanın xeyrinə olsa da, erməniləri ruhlandıran məqamları az deyil. Ermənilər həmsədrlərin son seçkilərlə bağlı bəyanatını da keçirdikləri qondarma aksiyanın legitimliyinin tanınması kimi dəyərləndirirlər. Həmsədrlərin etdiyi hərəkətlər və buna bənzər addımlar Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində müsbət irəliləyişləri korlayır”.

M. Əhmədoğlunun sözlərinə görə, Ermənistanda da anlayırlar ki, artıq danışıqlar vasitəçilər vasitəsilə deyil, üz-üzə aparılmalıdır: “Dağlıq Qarabağ ərazisi dialoq məkanına çevrilməlidir. Amma bunun üçün Ermənistan Dağlıq Qarabağdan və ətraf rayonlardan öz hərbi birləşmələrinin çıxarılması prosesinə start verməlidir. Bundan sonra Azərbaycan investorlarının Dağlıq Qarabağa sərmayə qoyuması prosesi də başlaya bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR