Serbiyanın “Eurovision” təmsilçisi: “Bu yarışmanın bir hissəsi olmaq mənə mənəvi zövq verir” – MÜSAHİBƏ

Serbiyanın “Eurovision” təmsilçisi: “Bu yarışmanın bir hissəsi olmaq mənə mənəvi zövq verir” – <font color=red>MÜSAHİBƏ</font>
# 18 may 2012 15:38 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Serbiyanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi Zeljko Yoksimoviçin APA-ya müsahibəsi.

- Bu gün ikinci məşqiniz oldu. Səhnədəki çıxışınızdan razı qaldınızmı?

- Həm birinci, həm də ikinci məşqimiz problemsiz keçdi. “Baku Crystal Hall”un tam hazırlıqlı heyəti hər bir iştirakçıya uğurlu çıxış imkanları yaratmaq üçün yorulmadan çalışır. Əsas göstəricilərdən biri isə hər bir təmsilçinin məşqlərindən razılıq etmələridir. Amma əsas məsələ tamaşaçıların xoşuna gəlməkdir. Onların bizi bəyənib-bəyənməməsi isə yarımfinal şousunda aydın olacaq.

- Bu, sizin iştirak etdiyiniz 4-cü “Eurovision” yarışmasıdır. 2004-cü ildə Serbiya təmsilçisi, 2006-cı ildə bəstəkar, 2008-ci ildə şounun aparıcısı, eyni zamanda bəstəkar və 2012-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi yarışmada yenidən Serbiya təmsilçisi qismində bu yarışmada yer almısınız. Deyə bilərik ki, “Eurovision” asılılığına düşmüsünüz?

- Mən bunu asılılıq yox, həzz adlandırardım. Bu yarışmanın bir hissəsi olmaq mənə mənəvi zövq verir. Bəlkə də elə ona görə belə tez-tez bu yarışmada iştirak etmək fürsəti qazanıram.

- Eşitmişik ki, yarışmada ifa edəcəyiniz “Nije Ljubav Stvar” mahnısının Azərbaycan versiyası üzərində işləyirsiniz. Bəs dinləyicilər bu ifanı nə zaman eşidə biləcəklər?

- Azərbaycan sözlərini öyrənməkdə və düzgün tələffüz etməkdə bir az çətinlik çəkirəm. Yaxın vaxtlarda mahnının səsyazma işlərini bitirib dinləyicilərin diqqətinə çatdıracağıq.

- Bilirik ki, həyat yoldaşınız da Bakının qonağıdır. Sizi dəstəkləmək üçün gəlib?

- Həyat yoldaşım bu gün gəlib. Əlbəttə ki, o məni dəstəkləmək və mənəvi dayaq olmaq üçün şəhərinizə qonaq gəlib. Yarımfinal şousu zamanı “Baku Crystal Hall” zalında məni dəstəkləyəcək.

- Yarışmada ifa etdiyiniz mahnını Covannaya həsr etdiyiniz doğrudurmu?

- Əslində musiqi elə bir şeydir ki, o hansısa bir anın məhsuludur. Əlbəttə, onunla keçirdiyim vaxtlar mənə ilham verib. Ancaq bəstələdiyim hər bir mahnı kimi bu mahnı da beynimin məhsuludur.

- Covannanın builki favoriti kimdir?

- Məni dəstəkləyirsə, demək ki, favorit də mənəm.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR