BMT-nin baş katibi 15 sentyabr Beynəlxalq Demokratiya günü münasibətilə müraciət edib

BMT-nin baş katibi 15 sentyabr Beynəlxalq Demokratiya günü münasibətilə müraciət edib
# 14 sentyabr 2012 07:50 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. BMT baş katibi Pa Ki Mun 15 sentyabr Beynəlxalq Demokratiya günü münasibətilə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, baş katibin müraciətində deyilir: “Bu gün biz demokratiya tarixində möhtəşəm hadisələrdən ibarət daha bir ilə nəzər salırıq – o tarix ki, ləyaqət və insan hüquqları, korrupsiyanın aradan qaldırılması, gələcəkdə öz sözünü söyləmək, ədalət və siyasi qüvvənin düzgün bölünməsi uğrunda çalışan insanlar tərəfindən yazılmaqdadır. Bu tarix hələ bu gün başlamaqdadır. Demokratiya bir gecəyə ərsəyə gəlmir, bir il ərzində və ya bir-iki seçki keçirilməsi ilə qurulmur. Demokratiya davamlı və əziyyət tələb edən işdir. Eyni zamanda, bu işə başladığın an artıq geriyə yol olmur. İslahatlar real olmalıdır. Xalqlar insan cildində avtoritarizm axtarmırlar. Onlar qanunun aliliyi çərçivəsində hüquq və imkanlar şəraiti, fəal vətəndaş cəmiyyəti, bacarıqlı və məsul dövlət orqanları tərəfindən dəstəklənən təşəbbüskar özəl sektor istəyirlər. Bütün tərəflərin iştirakının təmin olunduğu dialoq önəmlidir. Müxtəliflik güc deməkdir. Biz plüralizmi, azlıqda və müxtəlif növ təhlükəyə məruz qala biləcək insanların haqlarının müdafiəsini təbliğ etmək üçün çalışmalıyıq. Qadınlar demokratik gələcəyin qurulmasına yönəlmiş bütün səylərin mərkəzində durmalıdırlar. Onlar dəyişiklik uğrunda gedən hərəkatların ön cəbhəsində olmuşlar. Onların idarəçilik və qərar qəbul etmə prosesində öz həqiqi sözlərini demək haqları var .Gənclərin də səsləri eşidilməli və diqqət yetirilməlidir. Dünyada baş verən əsaslı demoqrafik təzyiq bunu artıq mütləq bir hala çevirir. Məyusedici perspektivlər və məsuliyyətsiz hökumətlərlə üzləşən gənclər gələcəklərini qurmaq üçün özləri hərəkətə keçəcəklər. Uzun müddətli uğurun əsasında duran bu zəruri şərtlərə dəstək, bu ilin mövzusu olan demokratiya təhsilidir. Həqiqətən də, köklü və ya kövrək, qədim və ya yeni demokratiyada bütün millətlərin vətəndaşları öz hüquq və məsuliyyətlərini tamlıqla anlayırlar. Bütün bunlar, xüsusilə, yenicə demokratik uğurlar əldə etmiş ölkələrə inkişafın dayanmaması üçün lazımdır. BMT bütün təhsil təşəbbüslərinin və uzun müddətli idarəçilik strategiyasının ayrılmaz hissəsi olaraq, demokratiya təhsilini inkişaf etdirən qlobal və yerli təşəbbüslərin yaradılması üçün tərəfdaşlarla işləmək üçün əlindən gələni əsirgəmir. Gəlin ən yaxşı təcrübələri yaratmaq və paylaşmaq üçün beynəlxalq təhsil ekspertləri və hökumətlər arasında əməkdaşlıq quraq. Gəlin yeni media sayəsində mümkün olan imkanları tədqiq etmək üçün vətəndaş iştirakına əsaslanan mədəniyyət yaradaq və dərs proqramları və təlim metodlarının tərtib edilməsində ölkələrə dəstək olaq. Bu il Beynəlxalq Demokratiya Günün qeyd edərkən, gəlin bu missiyanı daha da önə çəkmək üçün bütün yaradıcılığımızdan istifadə edək. Gəlin hər kəsə, xüsusən də keçid dövrü yaşayan və ən çox ehtiyacı olan cəmiyyətlərə demokratiya təhsilini gətirmək üçün çalışaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR