Corctaun Universitetinin professoru Sam Potolicchio “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olub

Corctaun Universitetinin professoru Sam Potolicchio “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olub
# 23 iyul 2012 12:39 (UTC +04:00)
Bakı-APA. ABŞ səfirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Corctaun Universitetinin professoru Sam Potolicchio “İRƏLİ” Gənclik Mərkəzinin qonağı olub. APA-nın məlumatına görə, qonaq ilk olaraq “İRƏLİ” Gənclik Mərkəzində fəaliyyət göstərən “İRƏLİ” radio, “İRƏLİ” prodakşn, “İRƏLİ” Kitabxana, “İRƏLİ” Təlim Mərkəzi və Layihələr mərkəzi ilə yaxından tanış olub.

“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev və birliyin katibi Nərmin Məmmədova ilə görüşdə “İRƏLİ” İctimai Birliyinin fəaliyyəti, layihələri barədə məlumat verilib. Qonağa “İRƏLİ”nin fəaliyyətini əks etdirən hədiyyələr təqdim olunub.

Daha sonra professor "ABŞ-ın federal quruluşu və konstitutsion tərtibatı" mövzusunda mühazirə deyib. Mühazirədə 30 nəfər gənc iştirak edib.

Keçirilən təqdimatda, qonaq ölkənin federal sisteminin iş prinsipindən, ABŞ Konstitusiyasının 5 əsas istiqamətindən bəhs edib. Həmçinin dövlət şuralarının fəaliyyəti, ştat qanunlarının tənzimlənmə sistemi haqda məlumat verib. Eyni zamanda Qanunverici, İcraedici və Məhkəmə sistemindən, iş mexanizmindən söhbət açıb. Sonda gənclərin sualları cavablandırılıb və xatirə şəkli çəkilib.

Qeyd edək ki, Sam Potolicchio Vaşinqtonda Semestr Proqramı çərçivəsində Siyasət, İctimai Siyasət və Tədqiqat Metodları üzrə ABŞ-ın Corctaun (Georgetown) universitetində dərs verir. Eyni zamanda, Rusiyanın Moskva şəhərində Rusiyanın Prezident Akademiyasında Qlobal Liderlərin Hazırlanması Zirvə Toplantısı və Makedoniyanın Tetovo şəhərində fəaliyyət göstərən Cənub Şərq Avropa Universitetində Qlobal Liderlərin Hazırlanması İnstitutunun təsisçi fakültə və akademik üzvü olmaqla yanaşı, ABŞ-ın Corctaun Universiteti Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR