Xəzəryanı dövlətlər Bakıda “Neftlə çirklənmə zamanı fövqəladə tədbirlərin planlaşdırılması» mövzusunda tədbir keçirir

Xəzəryanı dövlətlər Bakıda “Neftlə çirklənmə zamanı fövqəladə tədbirlərin planlaşdırılması» mövzusunda tədbir keçirir
# 18 iyun 2012 09:09 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Bakıda “Neftlə çirklənmə zamanı fövqəladə tədbirlərin planlaşdırılması» mövzusunda Xəzəryanı dövlətlər üçün tədbir başlayıb. Bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) mətbuat xidmətindən məlumat verilib.

ARDDA-nın Beynəlxalq Dəniz Təşkilatı (İMO) ilə birgə təşkil etdiyi tədbirdə Qazaxıstan, Türkmənistan, İran və Rusiyadan, həmçinin Azərbaycanın Milli Məclisi, Nazirlər Kabineti, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat nazirliklərinin, Dövlət Sərhəd Xidməti, Dövlət Neft Şirkəti, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Xəzər Dəniz Neft Donanmasının və dənizçilik sahəsində fəaliyyət göstərən digər təşkilatların nümayəndələri iştirak edib.

Tədbirdə gəmidən neft axınına səbəb olmuş, ya da səbəb ola biləcək hər hansı bir hadisə haqqında təxirə salmadan məlumat vermə, çirkləndirmə xəbərdarlığından sonrakı işlər, çirkləndirmə hadisələri ilə təcili və effektiv mübarizənin milli sisteminin təşkil edilməsi, çirklənmə ilə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üzrə təcrübə mübadiləsi aparılacaq.

Tədbirdə çıxış edən ARDDA rəisi Qüdrət Qurbanov qeyd edib ki, Xəzər neftlə zəngin bir dənizdir və Xəzərdə neft və neft məhsullarının dənizlə daşınması geniş vüsət alıb. Qeyd olunan daşınmaların həyata keçirilməsi zamanı isə beynəlxalq səviyyədə müəyyən olunmuş standartların yerinə yetirilməməsi Xəzər dənizinin ekoloji cəhətdən çirkləndirilməsinə gətirib çıxara bilər ki, bu da hər bir sahil dövləti üçün arzuolunmaz haldır. Məhz bu tədbirin keçirilməsinin əsas məqsədi də Xəzər dənizinin ətraf mühitinin mühafizəsinin təmin edilməsi üçün İMO tərəfindən müəyyən edilmiş standartlarla bağlı tədbir iştirakçılarına ətraflı məlumatın verilməsidir

Tədbir iyun ayının 20-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR