TÜRKSOY-un koordinatorluğu Türkiyədən Qırğızıstana keçib

TÜRKSOY-un koordinatorluğu Türkiyədən Qırğızıstana keçib
# 12 sentyabr 2012 12:32 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev Başqırdıstanda keçirilən TÜRKSOY üzv dövlətləri Mədəniyyət Nazirlərinin Daimi Şurasının 30-cu iclasında iştirak edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində V.Əliyev Başqırdıstan Dövlət Pedaqoji Universitetində TÜRKSOY kafedrasının açılışında iştirak edib, TÜRKSOY kafedrasının açılışı haqqında şəhadətnamə, təşkilatın bayrağı, təşkilata üzv və müşahidəçi qismində daxil olan dövlətlərin bayraqları rektor Rail Asadullinə təqdim olunub. TÜRKSOY-un baş katibi Düsen Kaseinov Universitetin fəxri professoru adına layiq görülüb. Tədbir çərçivəsində Başqırdıstanın prezidenti Rustem Xamitov adından TÜRKSOY üzvü dövlətlərin Mədəniyyət Nazirlərinin Daimi Şurasının 30-cu iclasının iştirakçılarına ziyafət verilib.

Daha sonra TÜRKSOY üzv dövlətləri Mədəniyyət Nazirlərinin Daimi Şurasının 30-cu iclası keçirilib. İclasda ilk olaraq TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edib və 2012-ci ilin görkəmli Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin şərəfinə "Mirzə Fətəli Axundzadə ili" elan olunduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Düsen Kaseinov müəyyən bir günün türk dili və mədəniyyəti günü kimi qeyd edilməsinin məqsədəuyğun olduğunu və 2013-cü ildə Türkiyənin Eskişehir şəhərinin Türk dünyasının paytaxtı elan edildiyini bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Vaqif Əliyev çıxışında TÜRKSOY-un 20 illiyinin qeyd olunması təkliflərini dəstəklədiyini bildirərək bu tədbirlərin geniş miqyasda keçirilməsini və beynəlxalq ictimaiyyətin TÜRKSOY-un işi barəsində məlumatlandırılmasını məqsədəuyğun hesab edib. Həmçinin, V.Əliyev Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib, münaqişə nəticəsində bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. İclasda TÜRKSOY üzv dövlətləri Mədəniyyət Nazirlərinin Daimi Şurası TÜRKSOY-un növbəti müddətə müvəqqəti koordinatoru kimi Qırğız Respublikasının mədəniyyət və turizm nazirini seçib və beləliklə koordinatorluq Türkiyədən Qırğızıstana keçib. Həmçinin iclasda TÜRKSOY üzv dövlətləri Mədəniyyət Nazirlərinin Daimi Şurasının 31-ci iclasının İsıkkul Forumu zamanı Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilməsi qərara alınıb. İclasın sonunda yekun sənədlər imzalanıb.
Tədbirdən sonra nümayəndə heyətlərinin başçılarını Başqırdıstanın baş naziri Azamat İlimbetov qəbul edib və baş nazirlə birgə nümayəndə heyəti Başqırdıstanın xalq artisti Qatı Suleymanovun 100 illiyinə həsr olunmuş yaradıcılıq gecəsində iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR