“Azərbaycanfilm” kinostudiyasının rekonstruksiyası üçün Jerar Depardyenin şirkəti ilə müqavilə imzalanıb - FOTOSESSİYA

“Azərbaycanfilm” kinostudiyasının rekonstruksiyası üçün Jerar Depardyenin şirkəti ilə müqavilə imzalanıb - <font color=red>FOTOSESSİYA</font>
# 15 sentyabr 2012 09:20 (UTC +04:00)
APA-nın məlumatına görə, müqavilə bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakıda səfərdə olan Jerar Depardye və “STM” şirkətinin baş direktoru Arno Frille arasında imzalanıb.

Nazir Əbülfəs Qarayev jurnalistlərə bildirib ki, müqavilə əsasında bu şirkət Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rekonstruksiyası ilə məşğul olacaq: “Əminəm ki, bu müqavilə Azərbaycan kinematoqrafiya sahəsinə yeni nəfəs gətirəcək. “STM” şirkəti 8 ay müddətində müvafiq layihələr hazırlayacaq və kinostudiya müasir standartlarla təmin olunacaq. Bütün bunlarda isə dostumuz Jerar Depardyenin yaratdığı bu şirkət köməyimizə çatacaq”.

J.Depardye müqavilənin imzalanmasından məmnunluğunu ifadə edib və hər bir layihədə Azərbaycana yardım etməyə daim hazır olduğunu qeyd edib: “Bu ölkəni o qədər sevirəm ki, daima inkişaf etməsini istəyirəm. Artıq bu ölkə, insanlarınız ürəyimə yol tapıb. Bu ölkəni sevməmək mümkünsüzdür. Əminəm ki, bu müqavilə əsasında “Azərbaycanfilm” kinostudiyasında müasir və dünya bazarına çıxarılacaq filmlər istehsal olunacaq. Həqiqətən də bu məkanın yenilənməsinə ehtiyac var və bu çox vacib məsələdir. Bilirəm ki, Azərbaycanda il ərzində 5 bədii film istehsal olunur. Fikrimcə, yenidənqurmadan sonra artıq bu sahədə istehsalın və keyfiyyətin sayı da artacaq. Azərbaycan və Fransa arasında əlaqələrin möhkəmlənməsi vacibdir”.

Bir həftəyə yaxındır Azərbaycanda səfərdə olan J.Depardye ölkəmizdə çəkilən “Aleksandr Düma Qafqazda” sənədli filmindən də söz açıb. Aktyor bu filmin çəkilişləri üçün Şəkidə, Qaxda olduğunu və yerli sakinlərlə görüşdüyünü bildirib. Film Azərbaycanın maliyyəsi hesabına Fransa kinematoqrafçıları tərəfindən çəkilir və Aleksandr Dümanın Azərbaycana səfərini əks etdirir.

Öyrəndik ki, J.Depardye Şəkidə həm də bazara gedib, Azərbaycan milli mətbəxinin nümunələrindən dadıb və pitini sevib. Şəkidə aktyora samovar hədiyyə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR