Bank Of Baku

Ziyafət Əsgərov: Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya dövlətçilik tarixində yeni mərhələ açıb

Ziyafət Əsgərov, Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini,

© APA | Ziyafət Əsgərov, Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini,

# 12 noyabr 2026 14:55 (UTC +04:00)

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyin fundamental hüquqi dayağı olmaqla, milli suverenliyin, dövlət müstəqilliyinin və cəmiyyətin davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır.

Bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin müavini, 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılmış müstəqil Azərbaycanın ilk milli Konstitusiyasını hazırlayan komissiyanın işçi qrupunun üzvü olmuş Ziyafət Əsgərov bildirib.

Onun sözlərinə görə, Konstitusiya yalnız ali hüquqi qüvvəyə malik normativ sənəd deyil, həm də xalqın dövlətçilik iradəsini, milli dəyərlərini, inkişaf strategiyasını və gələcəyə baxışını əks etdirən fundamental siyasi-hüquqi aktdır.

“Azərbaycan Respublikasının Konstitusiyası ümumbəşəri demokratik prinsiplərlə milli dövlətçilik ənənələrinin vəhdətini təmin etməklə müstəqil dövlət quruculuğunun möhkəm hüquqi əsasını formalaşdırıb. Əsas Qanunun qəbul edilməsi Azərbaycanın müstəqillik tarixində mühüm siyasi-hüquqi hadisə olmaqla yanaşı, milli dövlətçilik ideyasının institusional müstəvidə reallaşdırılmasının əsas mərhələlərindən biri olub”, – deyə Ziyafət Əsgərov vurğulayıb.

Vitse-spiker xatırladıb ki, Azərbaycanın konstitusiya quruculuğu tarixi mürəkkəb siyasi proseslərlə müşayiət olunub. 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət institutlarının yaradılması istiqamətində mühüm addımlar atsa da, ayrıca Konstitusiya qəbul edə bilməyib.

O qeyd edib ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul edilib, sonrakı dövrlərdə isə 1927, 1937 və 1978-ci illərdə yeni konstitusiyalar təsdiqlənib.

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

“1978-ci il Konstitusiyasının xüsusi əhəmiyyət daşıyan müddəalarından biri dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması idi. Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi və təşəbbüsü nəticəsində Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli kimliyin qorunması baxımından mühüm tarixi addım olub”, – deyə o bildirib.

Ziyafət Əsgərovun sözlərinə görə, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranıb. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı və idarəetmə mexanizmlərinin zəifliyi bu prosesə mane olub.

“1993-cü ildə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, dövlət idarəçiliyinin bərpası və milli dövlətçilik institutlarının formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bu da yeni Konstitusiyanın hazırlanması üçün zəruri siyasi və institusional zəmin yaratdı”, – deyə vitse-spiker əlavə edib.

O bildirib ki, Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası tərəfindən hazırlanan layihədə xalq hakimiyyəti, hakimiyyət bölgüsü, hüquqi dövlət, insan hüquq və azadlıqlarının təminatı kimi fundamental prinsiplər əsas götürülüb.

3 sentyabr 1991-ci il – müstəqil Azərbaycanın qurtuluş tarixinin başlandığı  gün - AZƏRTAC

Ziyafət Əsgərov xatırladıb ki, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda seçicilərin 86 faizi iştirak edib, səsvermədə iştirak edənlərin 91,9 faizi Konstitusiyanın qəbulunu dəstəkləyib. Həmin il noyabrın 27-də qüvvəyə minən Əsas Qanun müasir Azərbaycan dövlətinin hüquqi, siyasi və institusional əsaslarını müəyyənləşdirib.

“Konstitusiyanın qəbul edilməsi ilə dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qolları arasında bölgünün hüquqi çərçivəsi müəyyənləşdirildi, dövlət orqanlarının səlahiyyətləri və fəaliyyət prinsipləri təsbit olundu. Bununla yanaşı, mülkiyyət formalarının bərabərliyi, siyasi plüralizm, demokratik idarəçilik və vətəndaş cəmiyyətinin inkişafı üçün hüquqi təminatlar yaradıldı”, – deyə o qeyd edib.

Milli Məclis sədrinin müavini Konstitusiyanın insan hüquq və azadlıqlarının qorunması baxımından da mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquq və azadlıqlarına, eləcə də onların təminatlarına həsr olunub.

O vurğulayıb ki, Konstitusiyada insan və vətəndaş hüquqlarının bərabərliyi, ayrı-seçkiliyin yolverilməzliyi, yaşamaq, azadlıq, mülkiyyət, təhsil, əmək və sosial təminat kimi fundamental hüquqlar təsbit edilib.

Ziyafət Əsgərov Azərbaycanda konstitusiya nəzarəti institutunun formalaşmasına da toxunub. Bildirib ki, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Qanunun qəbul edilməsi ilə bu sahədə hüquqi baza yaradılıb. 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması isə hüquqi dövlət quruculuğunda mühüm mərhələ olub.

Vitse-spiker Konstitusiyanın sonrakı illərdə ölkənin siyasi, iqtisadi və sosial inkişafına uyğun olaraq təkmilləşdirildiyini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq referendumları vasitəsilə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

“2002-ci il avqustun 24-də keçirilmiş referendumla Konstitusiyanın 24 maddəsində 29 dəyişiklik, 2009-cu il martın 18-də keçirilmiş referendumla isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik qəbul edilib. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində Konstitusiyanın 29 maddəsinə 41 əlavə və dəyişiklik edilib, idarəetmə sistemində Birinci vitse-prezident institutu təsis olunub”, – deyə Ziyafət Əsgərov bildirib.

Konstitusiya: Tarixi İnkişafı, Hüquqi Əhəmiyyəti - 2027

O qeyd edib ki, konstitusiya islahatları dövlətin dəyişən siyasi, iqtisadi və sosial reallıqlara uyğunlaşmasına, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və insan hüquq və azadlıqlarının təminatlarının genişləndirilməsinə xidmət edib.

Milli Məclis sədrinin müavini Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının Konstitusiyanın müddəalarının həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb.

“2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Bununla ölkənin bütün ərazilərində konstitusion hüquq normalarının və dövlət hakimiyyətinin tətbiqi üçün zəruri şərait təmin olunub”, – deyə o bildirib.

Ziyafət Əsgərov xatırladıb ki, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib, 2025-ci il fevralın 11-də isə müvafiq tədbirlər planı təsdiqlənib.

Onun sözlərinə görə, bu təşəbbüs həm 1995-ci il Konstitusiyasının qəbulunun 30-cu ildönümünün qeyd olunması, həm də Azərbaycanın müstəqil dövlətçilik tarixində əldə etdiyi nailiyyətlərin siyasi-hüquqi baxımdan qiymətləndirilməsi üçün əhəmiyyətli olub.

Vitse-spiker 2025-ci il oktyabrın 10-da “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsini də Konstitusiyanın tarixi əhəmiyyətinin qiymətləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirib.

Ziyafət Əsgərov sonda bildirib ki, müasir dövrdə Konstitusiyanın əhəmiyyəti yalnız dövlət hakimiyyətinin təşkili və hüquqi münasibətlərin tənzimlənməsi ilə məhdudlaşmır.

“Konstitusiya həm də dövlətin strateji inkişaf istiqamətlərini, milli maraqların qorunması mexanizmlərini və cəmiyyətin gələcək inkişaf modelini müəyyən edən fundamental sənəddir. Əsas Qanunun aliliyinin təmin edilməsi, hüquqi institutların davamlı inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi və dövlət-vətəndaş münasibətlərində hüquqi məsuliyyətin gücləndirilməsi qarşıdakı mərhələnin də mühüm prioritetləri olaraq qalır”, – deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR