Salyanda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib

Salyanda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib
# 09 iyun 2015 11:16 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Salyanda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçilib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi regional konfransda Salyan və Neftçala rayonlarından dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak edib.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan prezidentinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşkili istiqamətində həyata keçirilən dövlət-din siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışıb. M. Qurbanlı geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyllərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu xüsusi vurğulayıb.

Komitə sədri bildirib ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi qüvvələr İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruri olmasını önə çəkib.

Konfransda o da bildirilib ki, ölkəmizdə mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Bu münasibətlər uzun illərdən bəri zamanın sınağından çıxaraq bu günümüzədək çatıb, keçmişimizdən bizə yadigar qalıb və ölkəmizdə aparılan düzgün daxili və xarici siyasət nəticəsində getdikcə inkişaf etməkdədir. Bu ənənəni qoruyub saxlamaq hər kəsin, xüsusilə də din xadimlərinin, ziyalıların və gənclərin mənəvi borcudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR