Bakı. Könül Kamilqızı - APA. Mayın 5-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru vəzifəsinə təyin olunmuş Fərəh Əliyeva bu təhsil müəssisəsinin kollektivinə təqdim olunub.
Təhsil NAzirliyindən APA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarov Fərəh Əliyevanı ADMİU-nun rektoru təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb Nazir qeyd edib ki, ADMİU-nun Azərbaycan təhsilində əvəzolunmaz yeri var. Təhsil naziri bu yaxınlarda ADMİU-nun 90 illik yubileyinin keçirildiyini və universitet əməkdaşlarının dövlət başçısı tərəfindən təltif edildiyini bildirib. Universitetin keçdiyi inkişaf yoluna nəzər salan nazir 27 il ərzində ali məktəbə rəhbərlik etmiş Timuçin Əfəndiyevin ali məktəbin həyatında mühüm rolu olduğunu söyləyib. Təsadüfi deyil ki, səmərəli fəaliyyətinə görə onun əməyi dövlət tərəfindən yüksək səviyyədə dəyərləndirilib.
ADMİU-nun rektoru Fərəh Əliyeva ona göstərilən etimada görə ölkə prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün var gücü ilə çalışacağını söyləyib. F.Əliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsilin yeni inkişaf meyarları və fəaliyyət fəlsəfəsi kontekstində yeni yanaşmalar tələb etdiyini vurğulayıb.
ADMİU-nun keçmiş rektoru Timuçin Əfəndiyev Fərəh Əliyevaya yeni vəzifəsində uğurlar arzulayıb. O, ali təhsil müəssisəsi kollektivinin yaxşı tanıdığı F.Əliyevanın universitetin gələcək inkişafı ilə bağlı dəyərli işlər görə biləcəyinə əminliyini bildirib.
Sonda təhsil naziri Mikayıl Cabbarov ADMİU-nun rektoru Fərəh Əliyevaya və Timuçin Əfəndiyevə gül dəstələri təqdim edib.