Bank Of Baku

Azərbaycan Yazıçılar Birliyinin binasında əsaslı təmir aparılıb

Azərbaycan Yazıçılar Birliyinin binasında əsaslı təmir aparılıb
# 22 sentyabr 2008 11:52 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) binasında aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. APA-nın məlumatına görə, XVIII əsrə aid memarlıq nümunəsi olan bina təmir nəticəsində müasir standartlara uyğunlaşdırılıb.
AYB sədrinin müşaviri Rauf Aslanov APA-ya təşkilatın 1937-ci ildən bu binada yerləşdiyini bildirib: “Əsaslı təmirdən sonra ən böyük yenilik binada liftin quraşdırılmasıdır. Binanın istilik, kanalizasiya, işıq sistemi tam bərpa olunub. Təşkilat yeni mebel və avadanlıqlarla təchiz edilib. İş otaqlarının döşəməsi parketlə, tavanı bahalı çil- çiraqlarla bəzədilib”.
Binada Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin abidəsi və repressiya qurbanlarının xatirəsinə yaradılmış abidə yerləşəcək. Yenilənən “Natəvan” klubunun forması və şəkli də dəyişib. Bura artıq dəyirmi masa şəklində fəaliyyət göstərəcək. AYB-nin nəşrlərinin yerləşdiyi IV mərtəbədə əlavə otaqlar və mətbəx yaradılıb. Yazıçıların 50 mindən çox fondu olan kitabxanası da bu mərtəbədə fəaliyyət göstərəcək.
Binada əsaslı təmiri Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin elan etdiyi tenderdə qalib gələn “Cahan” tikinti şirkəti aparıb. Bu barədə APA-ya şirkətin icraçı-mühəndisi Gündüz İmanov məlumat verib. Onun sözlərinə görə, binada təmir işlərini aparmaq asan olmayıb: “Biz ilkin layihə ilə ətraflı tanışlıqdan sonra işə başladıq. Ümumi iş 8 ay əvvəl başlasa da, son 4 ay ərzində hər mərtəbədə təxminən 400 kvadrat metr ərazi olmaqla 4 mərtəbədə təmir-bərpa işləri görülüb. Təxminən 60 nəfərlik heyətlə binanın əvvəlki görkəmini qoruyub saxlamağa, qədim memarlığı bərpa etməyə nail olduq”.
Binanın oktyabrın 10-a qədər açılışı nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR