Bank Of Baku

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Braziliyada işıq üzü görüb

Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Braziliyada işıq üzü görüb
# 25 iyun 2009 14:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan yazıçısı Kamal Abdullanın məşhur “Yarımçıq əlyazma” romanı Braziliyada çap olunub. Kamal Abdullanın APA-ya verdiyi məlumata görə, müasir dünya ədəbiyyatının ən zəngin qollarından birini təşkil edən Latın Amerikası ədəbiyyatı ilk dəfə olaraq öz coğrafiyasında Azərbaycan ədəbiyyatının təmsilçisi ilə görüşür və bu görüş onların öz təşəbbüsü ilə baş tutur. Nəfis tərtibatla nəşr olunmuş, portuqal dilində “O manuscritio inacabado” kimi səslənən kitabın ön söz sözündə Paraiba Universitetinin professoru, müqayisəli ədəbiyyatşünaslıq üzrə dünyada tanınmış mütəxəssis Sutxa Svarnaka yazır: “Mən Azərbaycan xalqının epopeyasından və miflərindən bəhs edən bu əsərin tərcüməsindən çox məmnun qaldım. Qələmə aldığı hekayə, şeir və romanları, dram əsərləri dünyanın bir çox dillərinə tərcümə edilmiş və uğurla səhnələşdirilmiş bu dünya miqyaslı yazıçının son dərəcə maraqlı “Yarımçıq əlyazma” romanı Braziliya oxucusunun da qəlbinə yol tapacaq. Boynuma alıram ki, bundan öncə Azərbaycan və onun mədəniyyəti haqqında çox az şeylər bilirdim. Mən özüm üçün yeni bir dünya kəşf etmiş oldum”.
Kamal Abdulla ”Yarımçıq əlyazma”nın Braziliyada nəşr olunmasını onu bir müəllif kimi çox sevindirdiyini vurğulayıb: “Ancaq mən daha çox bir məqamdan məmnunam – bu da Azərbaycan ədəbiyyatının Latın Amerikasına ilk gəlişinin məhz Dədə Qorqud mövzusu ilə bağlı olmasıdır”. Əsəri portuqal dilinə Umberto Luis Lima de Oliveira tərcümə edib.
Qeyd edək ki, “Yarımçıq əlyazma” romanını ilk dəfə “Yarımçıq əlyazma”nı fransızca nəşr etmək təşəbbüsü ilə çıxış edən Fransanın nüfuzlu “L. Harmattan” nəşriyyatı olub. Bunun ardınca “Yarımçıq əlyazma” rus dilinə tərcümə olunaraq dünyaca məşhur ədəbiyyatşünas-filosof Lev Anninskinin önsözüylə Moskvanın “Xronikyor” nəşriyyatında nəfis şəkildə çap olunub və oxucuların ixtiyarına verilib. Rusiyanın yalnız xarici ölkə müəlliflərini çap edən “İnostrannaya literatura” jurnalı öz tarixində ilk dəfə postsovet məkanından olan yazıçının əsərini dəyirmi masa arxasında müzakirəyə çıxarıb və müzakirənin materiallarını öz səhifələrində çap etdirib. Sonra isə bu əsər Türkiyədə nəşr edilib. Əsərin Yaponiyada nəşri ilə bağlı da müəllifə təklif daxil olub və hazırda yapon tərcüməsi üzərində iş aparılır. Yaxın günlərdə isə “Yarımçıq əlyazma” romanı Polşada işıq üzü görəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR