Bank Of Baku

Milli Kitab Mükafatının münsiflər heyəti Qubada görüş keçirib

Milli Kitab Mükafatının münsiflər heyəti Qubada görüş keçirib
# 23 noyabr 2009 12:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Müasir Azərbaycan ədəbiyyatının inkişafına yönəlmiş Milli Kitab Mükafatının münsiflər heyəti regionlarda görüşlərə başlayıb. İlk görüş Quba ictimaiyyəti ilə təşkil edilib. Rayonun mərkəzi kitabxanasında təşkil olunmuş görüşdə Quba, Qusar, Xaçmaz rayonlarının ədəbi ictimaiyyəti və gənclər iştirak edib. APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin nümayəndəsi Ramiz Qusarçaylı Milli Kitab Mükafatının təsis olunmasını Azərbaycan ədəbiyyatı üçün mühüm addım adlandırıb. Münsiflər heyətinin üzvü Rəşad Məcid isə mükafat barədə iştirakçılara ətraflı məlumat verib: “Milli Kitab Mükafatı yalnız nəsr əsərlərinə qiymət verəcək. Ona görə də istədim ki, şeir kənarda qalmasın. Səfərimizə Qubadan başlamağımızın əsas səbəbi buranın Azərbaycan ədəbiyyatında rolu ilə əlaqədardır. Son illər kitaba maraq çox azalıb. Düşünürük ki, bu mükafat yenidən kitaba marağı artıracaq. İstəyirik ki, yazarlar, ziyalılar üzə çıxsın, ədəbiyyatımız öndə olsun. Neçə gündür universitetlərdə görüşlər keçiririk. Hesab edirik ki, əyalətlərdə gözəl yazarlar tapacağıq. Nə qədər romantik görünsə də, biz buna inanırıq və əsərlərinizi gözləyirik. İstənilən şəxs yazılarını müsabiqəyə təqdim edə bilər”.

R. Məcid ədəbiyyat üzrə Nobel mükafatçısı Orxan Pamukla danışıqlar aparıldığını və türkiyəli yazıçının mükafatın təqdimat mərasimində iştirakının gözlənildiyini söyləyib. Mükafatın təsisçisi Nigar Köçərli müsabiqənin şərtləri barədə məlumat verdikdən sonra Xaçmazdakı “Ulduzlar” Ədəbi Məclisinin rəhbəri Fərzalı Ziyamur, Eldəniz Quliyev və başqaları çıxış ediblər. Rayon məktəbliləri də öz bədii yaradıcılıqlarını nümayiş etdiriblər. Tədbir saz havasının sədası altında yekunlaşıb.

Münsiflər heyətinin növbəti görüşləri ədəbi mərkəzlər kimi tanınan Lənkəran, Şamaxı, Gəncə, Qazax və Naxçıvan şəhərlərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR