Bank Of Baku

Milli Kitab Mükafatının növbəti təbliğat tədbiri keçirilib - FOTO

Milli Kitab Mükafatının növbəti təbliğat tədbiri keçirilib - <font color=red>FOTO</font>
# 25 noyabr 2009 11:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan ədəbiyyatının inkişafına yönəlmiş Milli Kitab Mükafatının növbəti təbliğat tədbiri keçirilib. APA-nın məlumatına görə, mükafatın təsisçisi, “Əli və Nino” kitab evlərinin direktoru Nigar Köçərli bildirib ki, bu mükafatı təsis etməkdə məqsəd ictimaiyyətin diqqətinin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, yeni ədəbi əsərlər yarada biləcək müəlliflərin tapılması və stimullaşdırılmasıdır.

Milli Kitab Mükafatı müsabiqəsinə müəllifin vətəndaşlığından asılı olmayaraq Azərbaycan dilində yazılmış bütün əsərlər təqdim oluna bilər. Namizəd əsərlər dekabrın 31-dək qəbul olunacaq, yanvarın 26-da 20 əsərdən ibarət əsər elan ediləcək və münsiflər heyəti bu əsərləri oxuyaraq xüsusi mexanizm vasitəsilə dəyərləndirəcək. 2010-cu il mayın 1-də 3 qalibin adı elan olunacaq. I yerin sahibinə 3000 manat, II yerin sahibinə 2000 manat, III yerin sahibinə isə 1000 manat həcmində pul mükafatı veriləcək. Layihə “Azercell Telekom”, “Azersun Holding” və “Qarant Sığorta” şirkətləri, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Yazıçılar Birliyi və Azərbaycanın aparıcı KİV-lərinin dəstəyi ilə həyata keçirilir.

Münsiflər heyətinin üzvü, xalq şairi Vaqif Səmədoğlu Milli Kitab Mükafatı müsabiqəsinə təqdim olunan 10 əsəri oxuyub ədəbi zövqünə uyğun əsərə səsini verəcəyini qeyd edib: “Bəri başdan deyirəm ki, heç bir müsabiqədə tam obyektivlik gözləmək lazım deyil. Münsiflər heyəti fərdlərdən ibarətdir və fərd də nadir hallarda obyektiv ola bilər. Ümid edirəm ki, bu mükafat Azərbaycanı və ədəbiyyatımızı sevindirəcək”.

Qeyd edək ki, Milli Kitab Mükafatının münsiflər heyətində Azərbaycanın 12 tanınmış elm və ədəbiyyat xadimi təmsil olunur. Milli Kitab Mükafatına informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR