Bank Of Baku

Vatikanın məxfi arxivindən ölkəyə gətirilən Azərbaycan əczaçılığına aid ən qədim əsərlərdən birinin tərcüməsinə başlanılıb

Vatikanın məxfi arxivindən ölkəyə gətirilən Azərbaycan əczaçılığına aid ən qədim əsərlərdən birinin tərcüməsinə başlanılıb
# 18 iyul 2012 13:05 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli deyib. Onun sözlərinə görə, hazırda orta əsr əlyazmalarının tərcüməsi həyata keçirilir. Onlardan biri XIII əsrə aid ərəb dilində olan və Azərbaycan müəllifi Məhəmməd İbn Mahmud Şirvaninin əczaçılığa və tibbə aid əsəridir: “Bu əlyazma Azərbaycanda yox idi. Bu, çox irihəcmli əlyazmadır. Yəqin ki, onun tərcüməsi ən azı 4 il çəkəcək. Orta əsr ərəb dilini tərcümə etmək o qədər də asan deyil. Azərbaycanda elmin tarixini öyrənmək baxımından bu əsər çox vacibdir. Əsərdə orta əsrlərdə Azərbaycanda istifadə olunan dərman bitkiləri, müalicə üsulları, o dövrdəki tibb elminin səviyyəsi ilə bağlı geniş məlumatlar verilir”.

F. Ələkbərli deyib ki, Vatikanın məxfi arxivindən gətirilən əlyazmaların bir çoxu latın dilində və qədim dillərdədir, Azərbaycanda isə bu sahəyə dair mütəxəssislər azdır: “Buna görə də Əlyazmalar İnstitututun direktoru AMEA-nın Rəyasət Heyətinə müraciət edib. AMEA rəhbərliyi səviyyəsində mütəxəssislərin cəlb olunması ilə bağlı komissiya tərtib olunacaq. Əlyazmalar İnstitutunda bu əlyazmaların hamısı açıqdır. Elan edilib ki, Azərbaycanda qədim dilləri bilən mütəxəssislər istənilən vaxt bu sənədləri götürüb tərcümə edə bilərlər. Yəqin ki, bu ilin sentyabr ayından Vatikandan gətirilən sənədlərin tərcüməsi daha da sürətlənəcək”.

Qeyd edək ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti ötən il dekabrın 7-də Bakıya gətirilib. Sənədlər ümumilkdə 1000 səhifə həcmindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR