- Yubiley sözünü işlətmək istəmirəm, amma bu bir faktdır ki, doğulmağımdan artıq 70 il keçir. Bu tarixlə mənim həyatımda heç nə dəyişməyəcək, indiyəcən necə yaşamışamsa, həyatımın bundan sonrakı illərini də elə yaşayacağam. Ona görə də mən bu rəqəmə xüsusi əhəmiyyət vermirəm. Elə yazıçı var ki, 30 yaşında artıq qocadır, elə yazıçı da var ki, 70 yaşında hələ cavandır. Mən özümü bu yaşda hələ cavan yazıçı hesab edirəm.
- Azərbaycanda səfərdə olan Çingiz Aytmatov bir ağsaqqal tövsiyəsini bildirdi ki, kiminlə eyni vaxtda yaşamağı biz seçmirik. Əgər biz hamımız eyni dövrdə yaşayırıqsa, deməli, bütün müasirlər bir-birinə lazımdır. Bəs Sizin dövrünüzə və müasirlərinizə münasibətiniz necədir?
- Təbii ki, Vətəni və valideynləri adam özü seçmir. Bu, Tanrının yazdığı taledir. Müasirlərini də özün seçmirsən. Hər halda, mən öz müasirlərimdən çox razıyam. Azərbaycanda və ondan uzaqlarda da ən maraqlı insanlarla tanış olmuşam, ünsiyyət qurmuşam, bəzilərinə dost demişəm, bəziləri məni özlərinin dostu sayıblar. Ona görə də çox razıyam ki, məhz belə insanlarla bu həyatı bərabər keçirmişəm.
- Azərbaycan ədəbiyyatının bu gününü necə qiymətləndirirsiniz?
- Ədəbiyyat canlı orqanizmdir. İnsanın bir gün başı ağrıyır, evdən bayıra çıxmır, başqa gün çıxanda doğan günəşi görür, ona baxıb kefi kökəlir. Ədəbiyyat da belədir. Təzə nəşr edilən əsərləri oxumayan bəzi adamlar deyir ki, bu gün ədəbiyyatımızda heç nə yaranmır. Və ya əksinə, yeni bir əsəri bəyənən kimi deyir, ədəbiyyat inkişaf edir. Ədəbiyyatda uğurlu əsərlər yaranıb və indi də yaranır. Keçmiş dövrlərdə də, bu gün də zəif, qrafoman əsərlər yaranıb. Bir canlı orqanizm kimi ədəbiyyatın da öz axarı var və bu axarın köpüyü də olur, təmiz, şəffaf, duru suyu da. Bir insanın əhval-ruhiyyəsinə görə ədəbiyyatı nə damğalamaq, nə də şişirdib göyə qaldırmaq olar.
- Azərbaycan dilinə tərcümələrin keyfiyyəti bu gün geniş müzakirə obyektinə çevrilib. Tərcümələrin səviyyəsi sizi qane edirmi?
- Bütün tərcümələr eyni deyil, klassik tərcümələr də var, zəifləri də. Tərcümələrin hamısını bir qəlibə salmaq mümkün deyil, həm də mən xüsusi bu işlə məşğul olmamışam ki, konkret misallar çəkəm. Ara-sıra reklamlarda da bəzən çox səlis tərcümələrə rast gəlirsən, bəzən də elə dillə tərcümə edirlər ki, danışılan aydın olmur. Tərcüməçilərə gərək yaxşı qonorar verilsin ki, onlar həvəslənsinlər, çünki bazar iqtisadiyyatında bir çox amillər maddi meyarlarla ölçülür. Tərcüməçi bilsə ki, ağır işə girişib və bunun müqabilində aldığı qonorarla müəyyən müddət dolana bilər, onda bu işə həvəslə girişər. Qazancı qəpik-quruş olanda isə eyni vaxtda bir neçə işə can atır. Yaxşı olar ki, prezidentin sərəncamı ilə dilimizə çevriləcək əsərlərin tərcüməçilərinə yaxşı qonorarlar verilsin.
- Çoxdan gözlənilən və artıq ekranlara çıxan “Cavid ömrü” filmi birmənalı qarşılanmadı. Siz bu filmi necə qarşıladınız?
- “Birmənalı qarşılanmadı” fikrinə mən bir az təəccüblənirəm. Bu film Bakıda üç dəfə göstərildi, Naxçıvanda böyük zalda tamaşaçılara təqdim olundu və bu yaxınlarda Türkiyədə nümayiş edildi. Həmişə də tamaşaçılar tərəfindən böyük riqqətlə qarşılandı, hətta hönkürüb ağlayanlar da oldu. Kiminsə “filan aktyoru, filan aktrisanı bəyənmirəm” deməsi öz işidir, amma film birmənalı qarşılanıb, çünki yaxşı, maraqlı əsərdir. Bu, ilk növbədə rejissor Ramiz Həsənoğlunun hünəridir, Cavid rolunun gözəl ifaçısı Rasim Balayev, İblis rolunun ifaçısı Məmmədsəfa, Müşkünaz xanımın rolunu oynayan Dilarə xanım, Mircəfər Bağırovun obrazını canlandıran Ramiz Novruzovun uğurudur. Bütün bu aktyorların böyük hünəri nəticəsində film maraqlı alınıb. Ayrı-ayrı atmacalar var və bu film çəkilməmişdən əvvəl artıq qulp qoyulurdu.
- Niyə?
- Çünki ssenarisini mən yazmışam. Elə adamlar var ki, bütün həyatları boyu fikirləşirlər ki, mən səhər Anarı sancmasam, çörək yeyə bilmərəm. Bu onların peşəsidir, mən onları anlayıram. Onlara da bu tapşırıq verilib və tapşırıq da səylə yerinə yetirilir. O adamların adları da, yazıları da unudulacaq, film isə qalacaq. Mənim üzə çıxan bütün iri əsərlərimə qulp qoyulub. İlk hekayəmə -” Keçən ilin son gecəsi”nə qulp qoyuldu, indi bütün dərsliklərə salınıb. İlk povestim “Ağ liman” çıxdı, dedilər ki, bu, Sovet həyatını təhrif edir. “Qobustan” jurnalı çıxanda “Kirpi”də karikaturasını verdilər və s. və i. Zaman bu əsərlərin dəyərini üzə çıxartdı, o fikirlərin müəlliflərini isə indi ailə üzvlərindən başqa heç kim tanımır.
- Bir qisim gənclərdə Sizə qarşı normal olmayan bir münasibət var...
- Xahiş edirəm, düzəliş edək, çünki gənclərin çox az bir qisminin mənə münasibəti başqa cürdür. Əslində gənclərin mənə münasibəti çox yaxşıdır və mənim də ən istedadlı, ən ümidverici gənclərlə münasibətim yaxşıdır. Mən onları ədəbiyyatımızın gələcəyi kimi görürəm, onlar mənə çox hörmətlə yanaşırlar, sağ olsunlar. Bir para uğursuz adamlar da var, onlara nə deyəsən? Ömrü boyu iqtidarda olan adamlara mükafat verməklə məşğul olan telekanal jurnalisti yazıçıları günahlandırır ki, onlar iqtidardan nə isə umurlar. Yazıçılar heç kəsdən heç nə ummur, nə iqtidardan, nə müxalifətdən, nə də o sayaq jurnalistlərdən.
- Yaradıcılıq təşkilatları ilə bağlı qanun layihəsi Milli Məclisdə böyük diskussiyaya səbəb oldu. Bu məsələyə sizin münasibətiniz necədir?
- Azərbaycanda yaradıcılıq təşkilatlarına, yaradıcı adamlara siyasətin əsasında rəhmətlik Heydər Əliyev durur. Bu, yaradıcı təşkilatlara dəstək, yaradıcı adamlara hörmət siyasətidir. Bunun əsasını Heydər Əliyev qoyub və bu gün İlham Əliyev də bu yolu davam etdirir. Bu siyasətin əleyhinə olanlar açıq desinlər ki, biz bunun əleyhinəyik. Bunu o adamlar deyir ki, rəsmi vəzifə tutur və bu siyasəti davam etdirmək onların bir növ vəzifə borcudur. Sözlərini açıq deyə bilməyənlər başlayırlar ki, Yazıçılar Birliyi niyə dövlət büdcəsindən maliyyələşməlidir? Ona görə ki, Heydər Əliyev Yazıçılar Birliyini dövlət büdcəsinə aid edib. Ona görə ki, Heydər Əliyev Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarını büdcəyə salmaqla yaşatdı. O, bunu elədiyinə görə böyük insan idi və onun davamçısı da bu yolu davam etdirir. Kim bu siyasətin əleyhinədirsə, açıq desin. Yalan fikirlər səsləndirirlər ki, guya Anar “Cavid ömrü” filminə görə 40 min dollar qonorar alıb. Ay hay! Haçan almışam bu qədər pulu? Halbuki mən bu filmə ömrümün neçə ilini həsr etmişəm. Ümumiyyətlə, əyri yolla pul qazananlar düz yolla qazananlara həmişə nifrətlə baxır. Bu, qəribə bir paradoksdur. Yazıçının halal pulla qazandıqlarını qısqanırlar. Prezidentin fərmanı ilə kitablar 25 min tirajla çap olundu. Bir müəllif, o cümlədən mən bir qəpik qonorar almadıq. Niyə? Yazıçı hava ilə dolanır bəyəm? Bütün telekanallar filmlərimi göstərirlər. Onlar mənə bir qəpik ödəyirlər? Televiziya, radio, qəzetlərə müsahibə veririk, müxtəlif mövzulara münasibət bildiririk. Hansından qonorar tələb edirik? Dünyanın bütün ölkələrində yazıçılar müsahibələri qonorarla verirlər. İndi bu müsahibə üçün mən APA-dan qonorar istəyirəm? İstəmirəm və bütün bunlar heç ağlıma da gəlmir. Amma kimlərsə oturub yazıçının qəpik-quruş qazancını hesablayır. Barı bir az insaflı olsunlar, çünki yazıçıların əksəriyyəti bu gün ən kasıb dolanan təbəqələrdəndir.
- Bəlkə yazıçılara qonorar ödənməsi daha doğru variantdır?
- Əlbəttə, bütün dünyada belədir. Deyirlər, dünyanın heç bir yerində Yazıçılar Birliyi yoxdur. Yalandır! Hər yerdə Yazıçılar Birliyi var, amma bu təşkilatın funksiyaları müxtəlifdir. Rusiya və Türkiyədə olan Yazıçılar Birliyi nə ad, nə də ev paylayır. Heç bir yazıçı da bu təşkilatdan maddi dəstək ummur. Amma bizdə vəziyyət bir az başqadır, biz imkanımız daxilində yardım göstərməyə çalışırıq. Əgər xaricdən misal çəkiriksə, onda bütün dünyada yazıçıların istənilən müsahibəsi, yazısından istifadəsi qonorar hesabına aparılır. Mən təkcə televiziya müsahibələrinin qonorarı hesabına milyoner ola bilərəm, amma biz bütün bunları təmənnasız edirik və bunu da xalqımızın, millətimizin, ədəbiyyatımızın inkişafı naminə edirik.
- Prezidentin sərəncamı ilə inşa olunan yaradıcılıq evinin tikintisi nə yerdədir, AYB-nin binasında aparılan təmir nə vaxt başa çatacaq?
- AYB-nin binasında əsaslı təmir işləri aparılır. Bu təmirin yay aylarında bitirilməsi planlaşdırılıb. Havalar bir az istiləşən kimi Dəvəçidəki yaradıcılıq evinin tikintisinə də baş çəkəcəyik. Hər halda, mənə elə gəlir ki, bu ev də payıza qədər istifadəyə veriləcək.
- Necə bilirsiniz, rus dili ortaq türk dili kimi işlənməkdə davam edəcək, yoxsa ortaq türkcəni yaratmaq mümkün olacaq?
- Bu, türklərdən asılıdır. Mənim böyük qardaş hesab etdiyim Çingiz Aytmatov, həm də qazaxlar, qırğızlar Bakıya gəlmişdilər. Biz onlarla rus dilində danışdıq. Qırğızlar danışanda mən iki-üç kəlmə başa düşürəm, elə onlar da belədir. Ona görə də mən illər boyu təklif edirəm ki, Türkiyə türkcəsi ortaq ünsiyyət dili kimi işlənsin. Başqa süni ortaq dili yaratmaq isə mümkün deyil. Biz Türkiyə türkcəsini çox aydın başa düşürük, qazax, qırğız, özbək və türkmənlər rus dilini unutmadan Türkiyə türkcəsini mənimsəsələr, bu dillə ünsiyyət yaratmaq olar. Bəziləri belə fikirləşirlər ki, türkcəni öyrənmək, ruscanı ləğv etmək deməkdir. Elə deyil, rus dilində böyük ədəbiyyat, mədəniyyət var, bu dilin vasitəsilə də biz dünyaya çıxa bilirik. Eyni zamanda bizim Orta Asiyadakı qardaşlarımız Türkiyə türkcəsini öyrənməlidirlər ki, ortaq ünsiyyət vasitəsi kimi bu dildən istifadə edək.
- Anar müəllim arxayınlıqla “mən insanları tanıya bilirəm” deyə bilirmi?
- Yox, insanları tanımaq olmur. Bəzi insanların elə sifətləri olur ki, gündə bir şəklə düşür. Ümumiyyətlə, mənim insanlara böyük məhəbbətim var və həyatımda rast gəldiyim yaxşı insanlar pislərdən qat-qat çoxdur. Daha çox yaxşı insanlarla ünsiyyətdə olmuşam, dostluğum da onlarla olub, bu dostluqla da fəxr etmişəm. Müəyyən şərait insanı korlaya bilər, amma insanlıq xisləti şərə yox, xeyrə yönəlib.
- Ömrü təkrar yaşamaq mümkün olsaydı...
- ... Bəzi səhvlərimi təkrar etməzdim. Bu, mümkün olan bir iş deyil əlbəttə, amma əgər mümkün olsaydı, çox gözəl olardı. İnsan təzədən gənc olardı, bəzi səhvlərini təkrarlamazdı, bəzi məsələlərə daha çox vaxt ayırardı. Əgər təzədən yaşamaq mümkün olsaydı, insan ömrünü bir növ redaktə edərdi.
- Hazırda nə yazırsınız?
- Nazim Hikmət haqqında böyük bir kitab üzərində işləyirəm. Əlavə “Əsrim və nəslim” adlı kitabımı da bu yaxınlarda bitirməyə çalışacağam. Bütün obrazlarımı bir əsərdə toplamaq fikrim də var, amma bu bir az sonrakı məsələdir.
- Deyirlər, xaricə köçmək istəyirsiniz?
- Heç vaxt elə fikrim olmayıb və yoxdur.
- Ad günlərində kədərli olduğunu deyən Anar müəllim daha çox kimin təbrikini gözləyir?
- Nəvələrimin...