Büdcə təşkilatlarında korrupsiya ilə mübarizə məqsədilə vəzifəli şəxs və ya səlahiyyətli struktur müəyyən ediləcək

Büdcə təşkilatlarında korrupsiya ilə mübarizə məqsədilə vəzifəli şəxs və ya səlahiyyətli struktur müəyyən ediləcək
# 14 oktyabr 2016 10:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiya ilə mübarizə məqsədilə tədbirlər gücləndirilib.


APA-nın məlumatına görə, bu Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna Azərbaycan prezidenti tərəfindən təklif edilən yeni iki maddədə əksini tapıb. Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov deyib ki, qanuna əlavə edilən yeni 11.1 maddəsində bildirilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi verilə bilər. Maddəyə əsasən, dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında (idarə, müəssisə və təşkilat) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya səlahiyyətli struktur bölmə müəyyən ediləcək. Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya əlaqədar hüquqpozmalara dair məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək. Səlahiyyətli struktur bölmə daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində araşdırıb, nəticəsini məlumat verən şəxsə bildirəcək.

Maddə 11.2-də isə korrupsiya ilə əlaqədar hüquqpozmalar haqda məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir. Maddədə səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir və bu hal baş verərsə, məsuliyyətə cəlbetmə təsbit olunur.

Millət vəkili Qüdrət Həsənquliyev çıxışında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin artırılmasını təklif edib: “Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət göndəriləndə bu şikayət oradan Baş Prokurorluğa göndərilir. Əgər biz bu qurumu yaratmışıqsa, yoxlama və istintaq aparılması səlahiyyətini də bu quruma həvalə edək. İdarə və təşkilatlarda yeni struktur bölmə yaradılacaqsa, hazırkı şəraitdə bu, məqsədəuyğun deyil”.

Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bu qanunun qəbulu korrupsiya hallarının qarşısının daha effektiv alınmasına şərait yaradacaq: “Qanun layihəsində məlumatların təkrar ötürülməsi məni narahat edir. Yalandan məlumat verən yalan da danışa bilər. Tutaq ki, icra başçısının, idarə rəhbərinin yanında çalışan və narazı olan şəxslər anonim məktublar yazmasın. Keçmişdə bir Xalq Nəzarəti Komitəsi vardı, kimisə yoxlamaq üçün özü bir-iki məktub təşkil edirdi. Ona görə də korrupsiya ilə bağlı məlumat verənlərin anonimliyi məsələsi aradan qaldırılmalıdır”.

Çingiz Qənizadə korrupsiyaya qarşı mübarizə məqsədilə hansısa idarənin tərkibində yaradılan strukturun müstəqil olacağına inanmadığını vurğulayıb: “Hansısa məqsədlə yalandan ibarət ərizələr yazan şəxslərin də məsuliyyəti məsələsi diqqət mərkəzində olmalıdır”.

Z. Əsgərov vətəndaşın istənilən orqana yazılı və şifahi şikayət vermək hüququnun olduğunu xatırladıb: “Vətəndaş hesab etsə ki, bu məsələ həmin idarə və təşkilatda da həllini tapa bilər, idarə və təşkilatdakı həmin məsul quruma müraciət edə bilər. Digər tərəfdən, bu məqsədlə idarə və təşkilatda yeni bölmə aparılmasına ehtiyac yoxdur, bu, hansısa vəzifəli şəxsə də həvalə oluna bilər. Anonim məlumatlara gəlincə, hazırda qanunvericiliyə görə anonim məlumatlara baxılmır. Yalan məlumatlara görə də Mülki Məcəllədə məsuliyyət nəzərdə tutulub”.


Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR