Azərbaycanda ümumi sığorta yığımlarının yarıdan çoxu beş şirkətin payına düşür

Azərbaycanda ümumi sığorta yığımlarının yarıdan çoxu beş şirkətin payına düşür
# 18 may 2015 12:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-aprel aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

APA-Economics”in xəbərinə görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, şirkət ilin ilk 4 ayı ərzində 32,3 mln. manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan “Paşa Həyat Sığorta”nın yığımları 20,2 mln. manat, “Atəşgah Sığorta”nın yığımları isə 16,8 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Atəşgah Həyat Sığorta” (14,7 mln. manat) və “Azsığorta” (11,3 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın 57,4%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (95,3 mln. manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (662 min manat), “Başak İnam” (454 min manat), “Amrah Sığorta” (342 min manat), “Azərqarant” (101 min manat) və “Günay Sığorta” (37 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 1,6 mln. manat olub və ümumi sığorta yığımlarının 2,8%-ni təşkil edib.

Ötən ilin noyabrında lisenziyası dayandırılmış “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 6-da sığorta haqlarının məbləği 10 mln. manatdan çox, 6 şirkətdə 5-10 mln. manat arasında, 7 şirkətdə 1 mln. manatdan 5 mln. manata qədər, 2 şirkətdə 500 min manatdan 1 mln. manata qədər, 6 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 14-də sığorta haqlarının artımı, 13-də isə azalması baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR