Azərbaycanda “Qaz təchizatı haqqında” qanuna dəyişikliklər edilir

Azərbaycanda “Qaz təchizatı haqqında” qanuna dəyişikliklər edilir
# 10 iyun 2015 14:47 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, komitənin sədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, gündəliyə “Qaz təchizatı haqqında” qanuna dəyişikliklərlə bağlı layihə daxil edilib.

Son illər Azərbaycanın qaz sənayesində böyük işlərin görüldüyünü deyən V. Ələsgərov qeyd edib ki, son 6 ildə yaşayış məntəqələrinin və massivlərinin qazlaşdırılması məqsədilə 24 qaz-paylayıcı stansiya tikilib, 29 min 519 km uzunluğunda yeni qaz kəmərləri çəkilib. Bunlardan 1617 km Bakıda, 27 min 902 km isə regionlarda çəkilib. 2009-2015-ci illərdə 600 min yeni abunəçi qeydiyyata alınaraq təbii qazla təmin olunub ki, bunlardan 191 min 550 abunəçi paytaxtda, 408 min 450 abunəçi isə regionlarda yaşayır. Nəticədə təbii qazdan istifadə edən abunəçilərin sayı 1 milyon 756 min 464 nəfərə çatıb. “Smart-kart” tipli sayğacla təmin olunmanın sayı 917 min 293-ə çatıb ki, bu da 52 faiz deməkdir.

V. Ələsgərov deputatların nəzərinə çatdırıb ki, bütün bu müsbət dəyişikliklər “Qaz təchizatı haqqında” qanunda bir sıra dəyişikliklərin edilməsi zərurətini ortaya çıxarıb.

Sonra iclasda ARDNŞ nümayəndəsi Vüqar Eyvazov təklif olunan dəyişikliklərlə bağlı məlumat verib. O bildirib ki, Azərbaycanda qaz təchizatı sahəsində münasibətlər getdikcə genişlənir, infrastruktur artır, istehlakçılar çoxalır: “1998-ci ildə qəbul edilmiş qanun istehsalçı ilə istehlakçılar arasındakı yeni münasibətləri tənzimləyə bilmir. Hazırda müzakirəyə çıxarılmış qanun layihəsi intensiv inkişafda olan qaz təchizatı sahəsinin hüquqi tənzimlənməsindəki boşluqları aradan qaldırmağa xidmət edəcək”.

Komitə üzvləri Hüseynbala Mirələmov, Fuad Muradov, Fərhad Qəribov, Etibar Hüseynov, Muxtar Babayev, Malik Həsənov və komitə sədrinin müavini Elton Məmmədov müzakirəyə çıxarılmış sənədə dair fikirlərini bölüşüblər, bir sıra təkliflər irəli sürüblər. Qanun layihəsi qarşıdakı sessiyada plenar iclasa təqdim olunmasını məqsədəuyğun sayılıb. Müzakirələrin yekununda qanun layihəsi təkliflər nəzərə alınmaqla, Milli Məclisin payız sessiyasında plenar iclasın gündəliyinə tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR