London Universitet Kollecində I Avropa Oyunlarının təqdimatı keçirilib

London Universitet Kollecində I Avropa Oyunlarının təqdimatı keçirilib
# 08 iyun 2015 10:32 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Böyük Britaniyanın London Universitet Kollecində Bakı-2015 I Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, təqdimat Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində London Universitet Kollecində təhsil alan Nicat Baxşəliyev tərəfindən təşkil olunub.

Tədbirdə həmyerlilərimizlə yanaşı, Böyük Britaniya, Fransa və İtaliyadan olan tələbələr də iştirak ediblər.

Təqdimatdan əvvəl Kollecdə Avropa Oyunları ilə bağlı posterlər yerləşdirilib. Təqdimat zamanı iştirakçılara Avropanın ən əlamətdar tədbirlərindən biri olan Bakı 2015 I Avropa Oyunları haqqında məlumat verilib. Qeyd olunub ki, Bakı şəhərində təşkil olunacaq ilk Avropa Oyunlarında Avropanın 50 ölkəsindən 6200-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Oyunlar zamanı 4-ü qeyri-olimpiya, 16-sı olimpiya olmaqla, ümumilikdə 20 idman növü üzrə 253 yarışın keçiriləcəyi haqda məlumat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimatın gedişində Avropa Oyunlarının keçiriləcəyi idman arenaları haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış videoçarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR