Azərbaycan OECD-nin daha bir yüksək reytinqinə layiq görülüb

Azərbaycan OECD-nin daha bir yüksək reytinqinə layiq görülüb
# 16 noyabr 2016 09:41 (UTC +04:00)

Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumunun vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə "Əsasən uyğundur" reytinqinə layiq görülüb.


"APA-Economics" xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Riyad Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2013-cü ildə Foruma üzv olandan bəri vergi məsələləri üzrə xarici ölkələrlə aparılan məlumat mübadiləsinin təkmilləşdirilməsi və beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində Vergilər Nazirliyi tərəfindən müvafiq işlər görülüb.

"Qlobal Forumun qaydalarına əsasən, hər bir üzv ölkə iki mərhələdən ibarət qiymətləndirmə prosesinə cəlb olunur. Birinci mərhələdə qanunvericiliyin beynəlxalq standartlara uyğunluğu, ikinci mərhələdə isə həmin qanunvericiliyin praktikada tətbiqi səviyyəsi qiymətləndirilir. Hər iki mərhələnin nəticələri əsasında ölkənin beynəlxalq standartlara uyğunluq səviyyəsi müəyyənləşdirilir. Azərbaycan üzrə Qiymətləndirmənin birinci mərhələsinə ölkəmizdə vergi məqsədləri üçün məlumat mübadiləsinin tətbiqi mexanizmi üzrə qanunvericiliyin tələblərinə müsbət rəy verilərək, ölkəmizin qiymətləndirmənin birinci mərhələsini uğurla keçdiyi qərara alınıb. İkinci mərhələdə isə Qiymətləndirmə Qrupunun üzvləri mart ayında ölkəmizə səfər ediblər. Səfər müddətində ekspertlər məlumatların mübadiləsi üzrə səlahiyyətli dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirib, vergi inzibatçılığında şəffaflıq prinsiplərinin gözlənilməsi ilə əlaqədar görülmüş işlər və məlumat mübadiləsi prosesi ilə tanış olub, Vergilər Nazirliyində məlumatların təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsində qorunması sistemini nəzərdən keçiriblər", - deyə R. Hüseynov vurğulayıb.

Müşavir qeyd edib ki, ölkə üzrə yekun hesabat 2016-cı ilin 26-30 sentyabr tarixlərində Fransanın Paytaxtı Paris şəhərində Qiymətləndirmə Qrupunun (PRG) 24-cü iclası zamanı geniş müzakirə edilib: "Hesabatın müzakirəsi Qlobal Forumun prezidenti, katibliyin rəhbəri, Qiymətləndirmə Qrupunun 30 ölkənin nümayəndələrindən təşkil olunmuş üzvləri, qiymətləndiricilər və Vergilər Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə keçirilib. Müzakirələr zamanı Vergilər Nazirliyi və xarici dövlətlərin aidiyyəti orqanları ilə aparılan məlumat mübadiləsinin səmərəliliyinin obyektiv qiymətləndirilərək hesabatın qəbul edilməsi üçün zəruri olan əlavə məlumatlar təqdim edilib. 2016-cı ilin sentyabr ayının 30-da Azərbaycan üzrə ölkə hesabatı təsdiq edilib. Bununla da Azərbaycan Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə “Əsasən uyğundur” reytinqinə layiq görülüb. Qlobal Forumun qaydalarına uyğun olaraq, Azərbaycan üzrə yekun reytinq 31 oktyabr 2016-cı il tarixdə rəsmən bəyan olunub və noyabr ayının 4-də dərc edilib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR