Avropa Azərbaycan Məktəbinin təsisçisi Tale Heydərovun təşəbbüsü və məktəbin direktoru Françesko Bankininin dəstəyi ilə şəhid övladı Zeliha Qurbanlının təhsil haqqının Avropa Azərbaycan Məktəbi tərəfindən qarşılanması qərara alınıb.
Avropa Azərbaycan Məktəbindən APA-ya verilən xəbərə görə, bu təşəbbüs Zeliha Qurbanlının təhsilini AAM-da davam etdirməsinə imkan yaradıb.
Bu təşəbbüs çərçivəsində məktəbin direktoru Françesko Bankini Zeliha Qurbanlının ailəsini evində ziyarət edib. Görüş zamanı məktəbin ailəyə dəstəyini ifadə edən Françesko Bankini bildirib ki, Vətən uğrunda canından keçmiş qəhrəmanın övladının təhsilinin davam etdirilməsinə dəstək olmaq yalnız maddi yardım deyil, həm də şəhid ailələrinə göstərilən hörmət və minnətdarlığın ifadəsidir.
Françesko Bankini vurğulayıb ki, şəhid övladının keyfiyyətli təhsil alması və gələcək potensialını reallaşdırması üçün yaradılan imkanlar xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, Zeliha Qurbanlının təhsilinin dəstəklənməsi Avropa Azərbaycan Məktəbinin humanist dəyərlərə və cəmiyyət qarşısında sosial məsuliyyətinə sadiqliyinin göstəricisidir.
Ziyarət zamanı Zeliha Qurbanlının ailəsi göstərilən diqqət və dəstəyə görə Avropa Azərbaycan Məktəbinin rəhbərliyinə təşəkkürünü bildirib və məktəbin bu nəcib təşəbbüsünü yüksək qiymətləndirib.
“Avropa Azərbaycan Məktəbi hesab edir ki, təhsil yalnız bilik və bacarıqların formalaşdırılması deyil, eyni zamanda cəmiyyətə, gələcəyə və insani dəyərlərə verilən töhfədir. Şəhid övladının təhsilinə göstərilən bu dəstək də məhz həmin dəyərlərin nümunəsidir”, - məlumatda qeyd olunub.