Azərbaycanda təhsil sahəsində ilk internet televiziya platforması olan “Təhsil TV” yeni rəsmi saytını istifadəyə verib. tehsil.tv ünvanında fəaliyyət göstərən platforma təhsil sahəsində baş verən yeniliklərin, xəbərlərin, video materialların, verilişlərin və canlı yayımların vahid rəqəmsal məkanda təqdim olunmasına imkan yaradır.
Elm və Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, yeni platformanın əsas məqsədi təhsil sahəsində baş verən prosesləri daha operativ və əlçatan formada ictimaiyyətə çatdırmaq, şagird, tələbə, müəllim və valideynlərin keyfiyyətli təhsil məzmununa çıxış imkanlarını genişləndirməkdir.
İstifadəçilər kompüter, planşet, smartfon və Smart TV vasitəsilə platformaya daxil olaraq təhsil xəbərlərini oxuya, video materiallara və verilişlərə baxa, həmçinin canlı yayımları izləyə bilərlər. “YouTube” inteqrasiyası vasitəsilə təhsil tədbirləri, müsahibələr, müzakirələr, konfranslar və xüsusi proqramlar da real vaxt rejimində təqdim olunur.
Platformada məzmun 6 əsas bölmə üzrə strukturlaşdırılıb: Xəbərlər, Press-relizlər, Shorts, Verilişlər, Kəşf et və Canlı yayım. Bu bölmələr vasitəsilə istifadəçilərə müxtəlif formatlarda təhsil məzmununa daha rahat çıxış imkanı yaradılır.
“Təhsil TV”nin yeni rəqəmsal platforması yalnız məlumatlandırma funksiyası daşımır, eyni zamanda təhsil sahəsində həyata keçirilən islahatların, dövlət siyasətinin, innovativ yanaşmaların və uğurlu təcrübələrin geniş ictimaiyyətə çatdırılması üçün vahid media resursu kimi fəaliyyət göstərir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin yayım kanalı olan “Təhsil TV” 2015-ci ildən fəaliyyət göstərir. 2021-ci ildə Təhsil İnstitutunun təsisçiliyi ilə MMC olaraq dövlət qeydiyyatına alınan televiziyaya Audiovizual Şuranın 20 dekabr 2022-ci il tarixli qərarı ilə peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.
“Təhsil TV” təhsil sahəsində həyata keçirilən islahatların, dövlət siyasətinin, innovativ yanaşmaların və uğurlu təcrübələrin ictimaiyyətə operativ, obyektiv və əlçatan şəkildə çatdırılmasına xidmət edən müasir media platforması kimi fəaliyyət göstərir.