Azərbaycanda avtobus və yük avtomobillərinin sürücülərinin iş və istirahət rejimi qaydası təsdiqlənib

Azərbaycanda avtobus və yük avtomobillərinin sürücülərinin iş və istirahət rejimi qaydası təsdiqlənib
# 14 aprel 2016 00:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair Qaydalar”ı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar ölkədaxili avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejimini, bununla bağlı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən hüquqi şəxslərin və fərdi sahibkarların, sürücülərin hüquqlarını, vəzifələrini, həmçinin Azərbaycan Respublikasının ərazisində rəqəmsal taxoqrafla təchiz olunmuş sərnişin və yük daşımalarını həyata keçirən xarici və yerli daşıyıcılara məxsus olan avtonəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə nəzarətin həyata keçirilməsinin əsaslarını müəyyən edir. Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkili məqsədi ilə aşağıdakı kateqoriyalara aid sərnişin və yük avtonəqliyyat vasitələrinin tipi təsdiq edilərək, ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilir və yoxlamadan keçirilmiş taxoqrafla təchiz olunur:

- sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olmayan avtobuslar (M2 kateqoriyası);

- sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olan avtobuslar (M3 kateqoriyası);

- yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan avtonəqliyyat vasitələri (N2 kateqoriyası);

- yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri (N3 kateqoriyası).

Bu avtonəqliyyat vasitələri 2016-cı il 1 iyul tarixindən rəqəmsal taxoqraflarla təchiz edilməlidir. Bu sərnişin və yük avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi hüquqi şəxslərin və fərdi sahibkarların öz vəsaitləri hesabına həyata keçirilir.

Şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarını yerinə yetirən nəqliyyat vasitələri, daşıma məsafəsi 50 km-dən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarını yerinə yetirən nəqliyyat vasitələri, icazə verilən maksimum sürəti 40 km/saatdan çox olmayan nəqliyyat vasitələri və taksi minik avtomobilləri taxoqrafla təchiz edilmir. Bu Qaydaların şamil edildiyi sürücülərin iş və istirahət rejiminə, həmçinin daşıyıcılar tərəfindən bu rejimə riayət olunmasına nəzarəti qanunvericiliklə müəyyən edilmiş qaydada Nəqliyyat Nazirliyi həyata keçirir. Sərnişin və yük daşımalarını həyata keçirən sürücülər tərəfindən yol hərəkəti qaydalarına və hərəkətin təhlükəsizliyinə riayət olunmasına nəzarəti Daxili İşlər Nazirliyi həyata keçirir. Sürücülərin iş və istirahət vaxtı, o cümlədən növbəli iş rejimində iş və istirahət vaxtı iş (növbəlilik) cədvəlləri əsasında müəyyən edilir. Bütün sürücülər üçün iş (növbəlilik) cədvəlləri işəgötürən tərəfindən hər bir iş günü (iş növbəsi) əks olunmaqla və iş vaxtının gündəlik və ya cəmlənmiş uçotu aparılmaqla hər ay tərtib edilir və onların tətbiqinə ən azı bir ay qalmış sürücülərin nəzərinə çatdırılır. İş (növbəlilik) cədvəlləri gündəlik iş vaxtının başlanma və bitmə anını, müddətini, istirahət və qidalanma üçün fasilələrin vaxtını, gündəlik (növbələrarası) və həftəlik istirahət vaxtını müəyyən edir. Şəhərlərarası (rayonlararası) daşımalar zamanı iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş istirahət vaxtının başa çatdığı an növbədəki sürücünün iş vaxtının başlanma anı sayılır, marşrutun aralıq və ya son məntəqəsində cədvəl üzrə istirahət vaxtının başlandığı an isə iş növbəsinin bitmə anı hesab olunur. Gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. İki istirahət günü olan beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti 8 saatdan, bir istirahət günü olan altıgünlük iş həftəsində isə gündəlik iş vaxtının (növbəsinin) müddəti 7 saatdan çox olmamalıdır. Sürücünün iş vaxtı aşağıdakı dövrlərdən ibarətdir:

- xəttə çıxmazdan əvvəl və xətdən geri qayıtdıqdan sonra hazırlıq və yekun işlərinin yerinə yetirilməsi üçün tələb edilən vaxt, şəhərlərarası (rayonlararası) daşımalarda isə geri qayıdış məntəqəsində və ya yolda (duracaqda) növbədən əvvəl və növbə başa çatdıqdan sonra işlərin görülməsi üçün tələb edilən 20 dəqiqəlik vaxt;

- sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi üçün5 dəqiqəlik vaxt;

- avtonəqliyyat vasitəsinin idarə olunduğu vaxt;

- reysə iki sürücü göndərildiyi zaman sürücünün iş yerində olduğu, lakin avtonəqliyyat vasitəsini idarə etmədiyi vaxt;

- yükvurma və yükboşaltma məntəqələrində, sərnişinlərin avtonəqliyyat vasitəsinə mindiyi və düşürüldüyü yerlərdə, xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin istifadə edildiyi yerlərdə dayanma müddəti;

- sürücünün təqsiri olmadan baş verən boşdayanmaların müddəti;

-yolda avtonəqliyyat vasitəsinin idarə edilməsini dayandıraraq istirahət etmək və marşrutun son təyinat məntəqələrində dincəlmək üçün iş (növbəlilik) cədvəlində nəzərdə tutulmuş xüsusi fasilələrin müddəti;

- xətdə iş zamanı avtonəqliyyat vasitəsinin istismarı zamanı yaranmış nasazlıqların aradan qaldırılması üçün görülən və mexanizmlərin sökülməsini tələb etməyən işlərin, habelə səyyar şəraitdə texniki yardım olmadan görülən tənzimləmə işlərinin müddəti;

- mühafizə vəzifələri sürücü ilə bağlanılmış əmək müqaviləsində nəzərdə tutulubsa, şəhərlərarası (rayonlararası) daşımalar həyata keçirilərkən, marşrutun aralıq və sonuncu məntəqələrində yükün və avtomobilin mühafizə edildiyi müddət.

Reysə iki sürücü göndərilərkən, sürücünün iş yerində olduğu, amma avtomobili idarə etmədiyi müddətin sürücünün iş vaxtına aid edilən hissəsi işəgötürən tərəfindən 50 faizdən az olmamaqla müəyyən edilir. Yükün və avtonəqliyyat vasitəsinin mühafizə edildiyi müddətin sürücünün iş vaxtına aid edilən hissəsi işəgötürən tərəfindən 30 faizdən az olmamaqlamüəyyən edilir. Sərnişin və yük daşımalarının həyata keçirilməsi üçün uzaq reyslərə göndərilərkən, işəgötürən sürücünün yerinə yetirəcəyi tapşırığın müddətini təyin etdiyi zaman hazırlıq və yekun işlərinə sərf olunan vaxtın qüvvədə olan normalarını, reysqabağı tibbi müayinənin müddətini, yolda qısa və uzunmüddətli istirahət vaxtını, yükvurma və yükboşaltmanın müddətini, daşıma məsafəsini və sürücülərin təyin olunmuş iş rejimini, yük avtomobillərinin yürüş məsafəsi üzrə normalarını nəzərə alır. Tapşırıqda (cədvəldə) müəyyən edilmiş müddət iş vaxtı hesab edilir. İş vaxtından artıq vaxtda görülən işin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq hər saatı üçün əməkhaqqı ödənilir. Azərbaycan əmək qanunvericiliyində, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulmuş hallar istisna olmaqla, iş vaxtından artıq vaxtda işə cəlb olunmağa yalnız sürücünün razılığı ilə yol verilir. Növbəli iş rejimi sürücülərin növbə ilə bir-birini əvəzləməsinin ardıcıllığını müəyyən edir və hər bir növbənin müddəti qanunvericiliklə müəyyən edilmiş gündəlik iş (növbə) müddətindən az olmamalıdır. Digər iş rejimləri (iş vaxtının hissələrə bölünməsi, sutkalıq növbələr) növbəli iş rejiminə aid edilmir. Növbəli iş rejimində iş vaxtı rejimi iş (növbəlilik) cədvəli ilə müəyyən edilir. Bu zaman növbənin müddəti 12 saatdan artıq ola bilməz. Sürücülər növbələr üzrə bərabərlik qaydasında bir-birini əvəzləyirlər. Ardıcıl olaraq iki növbə ərzində işləməyə yol verilmir. Bütün hallarda uçot dövrü üçün iş (növbəlilik) cədvəli üzrə iş saatlarının cəmi həmin dövr üçün Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq hesablanan saatların normasından artıq olmamalıdır.

İş vaxtının cəmlənmiş uçotu aparılarkən, işəgötürənin sərəncamı ilə sürücünün iş gününün (iş növbəsinin) müddəti 10 saatdan artıq olmamaq şərtilə ayrı-ayrı hallarda (müntəzəm marşrut xətlərində sərnişinlərin daşınmasını həyata keçirən şəhərdaxili avtonəqliyyat vasitələrinin sürücüləri şəhərlərarası daşımanı həyata keçirərkən, onların istirahət etmək üçün müvafiq yerə gedə bilməsinə imkan yaratmaq zəruri olduğu hallarda) isə 12 saatdan artıq olmamaq şərtilə təyin edilə bilər və bu zaman uçot dövrü ərzindəki iş vaxtının müəyyən edilmiş normasına riayət edilməlidir. Ardıcıl iki təqvim günündən artıq müddətdə 12 saatlıq iş gününün (iş növbəsinin) müəyyən edilməsinə yol verilmir. Şəhərlərarası (rayonlararası) daşıma həyata keçirilərkən, sürücünün 12 saatdan artıq müddətdə avtomobildə olmasının nəzərdə tutulduğu hallarda reysə iki sürücü göndərilir. Sənaye, tikinti, kənd təsərrüfatı müəssisələrinin və digər təşkilatların texnoloji proseslərində daşımalarla məşğul olan sürücülər üçün iş (növbəlilik) cədvəlləri tərtib olunarkən, həmin cədvəllərin xidmətlərin göstərildiyi təşkilatların işçilərinin iş (növbəlilik) cədvəlləri ilə uzlaşması nəzərə alınır. Sürücülər üçün hissələrə bölünmüş iş günü tətbiq edilə bilər. İş gününün ayrı-ayrı hissələri arasında istirahət və qidalanma üçün 4 saatdan çox olmamaq şərtilə 2 saatdan artıq bir fasilə, yaxud ümumi müddəti 4 saatdan çox olmamaq şərtilə iki və daha artıq fasilə verilə bilər. Bu zaman gün ərzində iş vaxtının ümumi müddəti iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş gündəlik iş vaxtının müddətindən artıq olmamalıdır. İş gününün hissələri arasındakı fasilələr iş vaxtına daxil edilmir. İş gününün iki hissəsi arasında fasilə avtomobilin dayanacağı yer qismində müəyyən edilən və sürücünün istirahəti üçün təchiz olunan yerdə verilir. İş gününün hissələrə bölünməsi məsələsi işəgötürən tərəfindənhəll edilir. Növbələrarası boşdayanmaların müddəti 5 dəqiqədən başlayaraq nəzərə alınır. Sürücülərin boşdayanmalarının müddətinin uçotu boşdayanmalara dair qeydlərin aparıldığı vərəqələrin doldurulması ilə və ya müəyyən edilmiş formada hazırlanan yol vərəqəsində xüsusi qeydlərin yazılması ilə həyata keçirilir.

İş günü ərzində sürücülərə istirahət və qidalanma üçün 20 dəqiqədən az və 2 saatdan çox olmamaqla fasilə verilir. Sürücülər həmin fasilədən istədikləri kimi istifadə edə bilərlər. Fasilə iş vaxtına daxil edilmir. İş (növbəlilik) cədvəlində gündəlik iş vaxtının (növbənin) müddəti 8 saatdan artıq müəyyən edildikdə, sürücüyə istirahət və qidalanma üçün ümumi müddəti 2 saatdan çox və 30 dəqiqədən az olmamaqla iki fasilə verilə bilər. İstirahət və qidalanma üçün fasiləni işin başlanmasından 4 saat sonra vermək tövsiyə olunur. İstirahətin verilmə vaxtı və konkret müddəti daxili intizam qaydaları və ya iş (növbəlilik) cədvəli ilə, yaxud da sürücü ilə işəgötürən arasındakı razılaşma ilə müəyyən edilir. Avtonəqliyyat vasitəsini fasiləsiz olaraq 2 saat idarə etdikdən sonra sürücüyə 10 dəqiqəlik xüsusi texniki fasilə (onun müddəti iş vaxtına daxil edilir) verilir. İstirahət və qidalanma vaxtı başlamadığı təqdirdə, bu müddət avtomobilin 4 saat ərzində idarə olunmasından sonrakı fasiləyə əlavə oluna bilər. Növbəli qaydada işləyən sürücülər və iş vaxtının cəmlənmiş uçotu aparılan sürücülər üçün istirahət günləri iş (növbəlilik) cədvəlinə uyğun olaraq həftənin müxtəlif günləri müəyyən edilə bilər. Bu zaman cari ayda həftəlik istirahət günlərinin sayı həmin aydakı tam iş həftələrinin sayından az olmamalıdır. Həmin günlərin sayı iş (növbəlilik) cədvəlində sürücünün işləməkdən azad olduğu günlərin ümumi sayı nəzərə alınmaqla hesablanır. Azərbaycan əmək qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, daxili intizam qaydaları və ya iş (növbəlilik) cədvəli ilə müəyyən edilmiş istirahət günündə sürücünün işə cəlb olunmasına yalnız onun razılığı ilə yol verilir. Hər bir sürücünün ildə 12 istirahət günündən çox olmamaqla göstərilən qaydada işə cəlb edilməsinə yol verilir. İş vaxtının cəmlənmiş uçotu aparıldığı hallarda, şəhərlərarası daşımalarda həftəlik istirahət müddəti 42 saatdan artıq ola bilər, həmçinin 24 saatdan az olmamaqla qısaldıla da bilər. Səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə əhaliyə və təşkilatlara fasiləsiz xidmət göstərmək zərurəti ilə əlaqədar sürücülərin işləməsinə həmin günlər iş (növbəlilik) cədvəlində iş günləri kimi nəzərdə tutulduğu, həmçinin işlərin dayanması istehsalat-texniki şərtlərə görə mümkünsüz olduğu təxirəsalınmaz təmir və yükvurma-yükboşaltma işləri aparıldığı hallarda yol verilir. İş vaxtının cəmlənmiş uçotu aparıldığı hallarda iş (növbəlilik) cədvəlinə əsasən səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzngünündə yerinə yetirilən iş uçot dövrünün iş vaxtı normasına daxil edilir.

Qərara əsasən Nəqliyyat Nazirliyi aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, rəqəmsal taxoqrafların növlərinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma Qaydası”na uyğun rəqəmsal taxoqrafların ölçmə vasitəsi kimi tipinin təsdiq edilərək ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR