ABŞ-da respublikaçıların qurultayına silahla gəlinməsinə icazə verilməsi istənilir

ABŞ-da respublikaçıların qurultayına silahla gəlinməsinə icazə verilməsi istənilir
# 27 mart 2016 16:26 (UTC +04:00)

Bakı-APA. Respublikaçıların ABŞ prezidentliyinə vahid namizədinin müəyyənləşəcəyi qurultaya gələnlərin odlu silah daşımasına icazə verilməsi istənilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 22 mindən çox amerikalı 18-21 iyun tarixlərində respublikaçıların Ohayo ştatının Klivlend şəhərində keçiriləcək qurultayında sərbəst şəkildə odlu silah daşınmasına icazə verilməsi barədə petisiyanı imzalayıb.

Petisiya müəllifləri hazırda ilkin seçkilərdə iştirak edən namizədlərin də bu təşəbbüsə dəstək verəcəklərinə inanırlar. Sənəddə qeyd edilir ki, Ohayo ştatında odlu silah gəzdirilməsinə icazə verilsə də, qurultayın keçiriləcəyi “Kuiken loans” idman kompleksində odlu ilah gəzdirilməsi qəti qadağandır. Təşəbbüs müəllifləri bunu konstitusion hüquqların pozulması hesab edirlər. Petisiya müəllifləri Respublikaçılar Partiyasının sədri Rayns Pribasın qurultayın keçirilməsi üçün hansı səbəbdən silah gəzdirilməsi qəti qadağan olunan bir obyektin seçilməsinə aydınlıq gətirməsini də istəyiblər. Eyni zamanda problemin aradan qaldırılması üçün qurultayın keçirilməsi üçün ehtiyat planın hazırlanması da təklif olunur.

Klivlend hakimiyyəti isə qurultayın təhlükəsiz şəraitdə keçirilməsinin təmin edilməsi və həmin zaman şəhərdə kütləvi toqquşmaların qarşısının alınması üçün 50 milyon dollar vəsait ayırmağı planlaşdırır. Bu vəsait hesabına 2 min rezin dəyənək də alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR