Bakıda 26 yaşlı qadın bıçaqlanıb

Bakıda 26 yaşlı qadın bıçaqlanıb
# 11 aprel 2016 19:19 (UTC +04:00)

Bakı.Mahir Məmmədli-APA. Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, “28 May” metro stansiyasının yaxınlığında kişi qadına yaxınlaşaraq, ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra kişi hadisə yerindən uzaqlaşıb. Qadın isə ətrafdakı insanların köməkliyi ilə yaxınlıqda yerləşən Dövlət Dəmir Yolu Xəstəxanasına çatdırılıb.

Məlum olub ki, bıçaqlanan şəxs 1990-ci il təvəllüdlü Bayraməliyeva Tünzalə Cəfər qızıdır. 8 bıçaq zərbəsi alan qadının həyatını həkimlər xilas edə bilib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə. 26 yaşlı Tünzalə Bayraməliyevanı həyat yoldaşı 37 yaşlı Bayraməliyev Oqtay Ramiz oğlu bıçaqlayıb. Hadisəyə tərəflər arasındakı ailə münaqişəsi üzündən qadının boşanmaq üçün məhkəməyə müraciət etməsi səbəb olub. Bunu qəbul edə bilməyən ər həyat yoldaşını qətlə yetirmək istəyib. Oqtay Bayraməliyev hadisəni törətdikdən sonra Nəsimi Rayon Polis İdarəsinə gedərək, könüllü təslim olub.

Qeyd edək ki, Oqtay Bayraməliyev Tünzalə Bayraməliyevanın ikinci həyat yoldaşıdır. Onların birgə nikahlarından övladları olmasa da, Tünzalə Bayraməliyevanın ilk evliliyindən iki övladı var. Qadının yaxınlarının sözlərinə görə, Oqtay Bayraməliyev həyat yoldaşını dəfələrlə bıçaqla hədələyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR