Nardaranın daha bir küçəsi genişləndirilir

Nardaranın daha bir küçəsi genişləndirilir
# 15 yanvar 2016 09:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azəryolservis” ASC Nardaran qəsəbəsində nəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi üçün Abşeron küçəsinin yenidən qurulması işlərinə başlanılıb.

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, əvvəl küçənin uzunluğu 2,2 km., mövcud eni isə ortalama 8 metr olub. Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı və hər iki istiqamət üzrə 2 metr enində geniş piyada səkiləri olmaqla 18 metrə çatdırılır. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılır. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilir.

Beləliklə də, küçənin 1 km-dən artıq hissəsi genişləndirilərək 18 metrə çatdırılıb. Genişləndirilmiş küçənin müəyyən hissəsində yeni hasarlar çəkilib, yeni yol yatağı tikilib. Digər hissədə isə bu istiqamətdə işlər davam etdirilir. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin (qaz, işıq, rabitə, su və kanalizasiya) çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.

Küçənin artıq 700 metrlik hissəsində hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib, 1 400 paqon-metr yeni səki daşı düzülüb. Səkilərin təqribən 1 400 kvadrat metr sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb. Yolun 450 metrlik hissəsinə 2 qat olmaqla 15 sm, 250 metrlik hissəyə isə 1 qat olmaqla 8 sm qalınlığında yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənib. Ümumilikdə isə küçənin 40 min kvadrat metr sahəsinə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və piyada səkilərinin kənarına 4 500 paqon-metr səki daşının düzülməsi planlaşdırılır.

Yaxın müddət ərazində Nəsrulla Əsgərov küçəsində də yenidən qurma işlərinə başlanılacaq. Qəsəbənin mərkəzindən Nardaran pirinə gedən bu küçə yaxın vaxtlarda öz simasını tamamilə dəyişəcək. “Azəryolservis” ASC tərəfindən aparılacaq işlər çərçivəsində 780 metr uzunluğundakı küçənin mövcud ortalama 6 metr enindən genişləndirilərək 16 metrə çatdırılması planlaşdırılır. Nəsrulla Əsgərov küçəsi 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bu küçədə də hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilərək, səkilərin kənarlarına 1 500 paqon-metr səki daşı düzülərək, ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR