Elman Rüstəmov: “Özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidlə bağlı kompleks tədbirlər görülür”

Elman Rüstəmov: “Özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidlə bağlı kompleks tədbirlər görülür”
# 17 fevral 2016 15:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı Dünya Bankının ölkədə həyata keçirilən iqtisadi islahatlara dəstək imkanları, Azərbaycan üzrə cari kredit portfeli və Mərkəzi Bank ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun daha da artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O bildirib ki, 2015-ci ildə qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib: “Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi çağırışları daha da aktuallaşmış, makroiqtisadi siyasətdə adekvat dəyişikliklər həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığı və bilavasitə rəhbərliyi ilə ölkədə orta müddətli dövrdə milli iqtisadiyyatın yenidən balanslaşdırılması, özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir”.

E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümid etdiyini qeyd edib.

Nümayəndə heyətinin rəhbəri M.Tembo ölkəmizin son qlobal çağırışlara adekvat reaksiya verilməsi istiqamətində atılan addımları, o cümlədən qeyri-neft sektorunun inkişafı, inklyuziv iqtisadi artım, maliyyə sabitliyinin, əhalinin sosial müdafiəsinin təmin edilməsi istiqamətində görülən işləri xüsusilə vurğulayıb. M.Tembo Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, Dünya Bankının 2016-2020-ci illər üzrə Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Strategiyası ölkənin inkluziv və dayanıqlı iqtisadi artımı, qeyri-neft sektorunun inkişafı üçün mühüm dəstək olacaq. Sənədin ölkəmizin orta və uzun müddətli strateji baxışına söykəndiyini qeyd edən M.Tembon hazırkı mürəkkəb qlobal iqtisadi şəraitdə Dünya Bankının strateji tərəfdaşı kimi Azərbaycana lazımı dəstək verəcəyini vurğulayıb.

Görüş zamanı ölkədə həyata keçirilən və Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, dünyada baş verən proseslərin inkişaf etməkdə olan ölkə iqtisadiyyatına təsiri, Dünya Bankının yeni şəraitdə siyasəti, üzv ölkələrə dəstəyi, eləcə də əlavə dəstəyə ehtiyacı olan istiqamətlər kimi məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR