“Azərsu” yaşıllaşdırma işləri çərçivəsində 10 minədək şam ağacı əkib

“Azərsu” yaşıllaşdırma işləri çərçivəsində 10 minədək şam ağacı əkib
# 16 aprel 2016 09:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunması məqsədilə “Azərsu” ASC-nin ekoloji tədbirləri sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiyyət daşıyır və son illər bu sahədə işlər intensiv qaydada davam etdirilir.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, cari ilin fevral ayından başlayaraq qurumun bütün idarə və müəssisələrində, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə növbəti ağacəkmə tədbirlərinə start verilib.

Yeni istifadəyə verilmiş obyektlərin yerləşdiyi ərazilərdə yaşıllaşdırma və abadlıq işlərinə xüsusi diqqət yetirilir. Belə tədbirlərin keçirilməsində məqsəd ekoloji sabitliyin qorunması, insanların diqqətini yaşıllıqların genişləndirilməsinə və mühafizəsinə yönəlməkdir. Yaşıllaşdırma tədbirlərində “Azərsu” ASC aparatının, idarə və müəssisələrin, yerli sukanal idarələrinin əməkdaşları iştirak edir.

2016-cı ilin ötən dövrü ərzində ağacəkmə tədbirləri çərçivəsində 10 minədək şam, zeytun, sərv və meyvə ağacları, həmçinin 20 minədək müxtəlif dekorativ bitki əkilib. Yeni istismara verilmiş “Dədə Qorqud” su anbarının ərazisində 3 350 ədəd, “Zirə” anbarının ərazisində 2 254 ədəd meyvə və həmişəyaşıl ağac əkilib. Eyni zamanda “Balaxanı” anbar kompleksində 2 850, “Saray” anbarının yerləşdiyi ərazidə 330, “Ramana” anbarının ərazisində isə 840 ədəd müxtəlif növ ağac əkilərək geniş yaşıllıq zolaqları salınıb.

Qeyd edək ki, 2011-ci ildən “Azərsu” ASC-də yaşıllaşdırma tədbirləri mütəşəkkil qaydada həyata keçirilir. 2011-2016-cı illərdə ASC-nin idarə və müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 441 hektar yaşıllıq sahəsi yaradılıb. Yaşıllaşdırma tədbirləri çərçivəsində 150 minə qədər müxtəlif növdə ağac və kol bitkiləri, 450 minədək mövsümi gül əkilib.

Ötən müddətdə 74 min kvadratmetr ərazidə qazon sahəsi salınmış, yeni suvarma sistemləri yaradılıb. Həmçinin əvvəlki illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və abadlıq işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR