Türk alim: “Əhməd Ağaoğlu Sayks-Piko müqaviləsinin imzalanacağını 7 il əvvəl proqnozlaşdırmışdı”

Türk alim: “Əhməd Ağaoğlu Sayks-Piko müqaviləsinin imzalanacağını 7 il əvvəl proqnozlaşdırmışdı”
# 12 may 2016 11:14 (UTC +04:00)

Bakı-APA. “Əhməd Ağaoğlu Sayks-Piko müqaviləsinin imzalanacağını 7 il əvvəl proqnozlaşdırmışdı”.

APA-nın məlumatına görə, bu sözləri “Türk ocaqları” təşkilatının İstanbul şöbəsi başqanı, fizika-riyaziyyat elmləri doktoru Cəzmi Bayram deyib. İstanbulda keçirilən “Sayks-Piko müqaviləsinin 100-cü ilində Türkiyə və Orta Şərq” mövzusundakı beynəlxalq konfransın açılışında çıxış edən C. Bayram əlavə edib ki, azərbaycanlı alim, yazar və mühərrir Əhməd Ağaoğlu 1909-cu ildə “Sıratül-mustakim” dərgisindəki bir yazısında Avropanın 3 böyük dövlətinin - İngiltərə, Fransa və Almaniyanın öz aralarında ittifaq qurduğunu, başqa ölkələrdən torpaq qoparma əməliyyatına hazırlaşdığını yazıb. Ağaoğlu qeyd edib ki, böyük dövlətlər bir-birlərindən torpaq ala bilmədikləri üçün bu əməliyyat Osmanlı torpaqları üzərində həyata keçiriləcək: “Əhməd bəyin proqnozunu verdiyi əməliyyatın gizli sənəd 16 may 1916-cı ildə imzalanmış Sayks-Piko sazişi oldu. Gizli sazişi həyata keçirən ingilis və fransızlar Mosulu, Kərkükü və Suriyadakı Türk torpaqlarını bizdən aldılar”.

Qeyd edək ki, 1869-cu ildə Şuşada anadan olan Əhməd Ağaoğlu 1895-ci ildə Fransanın Sorbon universitetini bitirib. 1903-cü ildə Bakıya, 1910-cu ildə isə İstanbula gedən Ağaoğlu 1912-ci ildə Əlibəy Hüseynzadə ilə “Türk ocaqları” təşkilatının qurulmasında yaxından iştirak edib. Təşkilatın qurulma mərhələsindəki ilk toplantılar Əhməd Ağaoğlunun evində keçirilib. 1939-cu ildə İstanbulda vəfat edən professor Əhməd Ağaoğlunun qızı Sürəyya Ağaoğlu Türkiyənin ilk qadın vəkili, oğlu Səməd Ağaoğlu isə 1950-60-cı illərdə qurulan Adnan Menderes hökumətlərində əmək və sosial təminat və dövlət naziri olub. 1981-ci ildə vəfat etmiş Səməd Ağaoğlu Türkiyənin önəmli yazarlarından hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR