Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək layihəsinin icrası müzakirə olunub

Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək layihəsinin icrası müzakirə olunub
# 15 sentyabr 2016 15:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Birləşmiş Millətlər Təşkilatının (BMT) və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliklərinin rəhbər heyətləri ilə görüş keçirilib.

DGK-nin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsinin icrası ilə bağlı məsələlər müzakirə olunub.

DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı ilə əməkdaşlıqdan, əlaqələrin gələcək perspektivlərindən bəhs edib. Adıçəkilən beynəlxalq qurumlarla hələ 1999-cu ildən bəri birgə gerçəkləşdirilən layihələrin bütövlükdə Azərbaycan gömrük xidmətinə xüsusi diqqət və qayğının təzahürü kimi qiymətləndirən komitə sədrinin birinci müavini, bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib, eləcə də gömrük sistemində aparılan islahatlar barəsində qonaqlara ətraflı məlumat verib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard DGK ilə təmsil etdiyi qurumun uğurlu əməkdaşlıq etdiyini və qarşılıqlı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Diplomat qeyd edib ki, hazırda Avropa İttifaqının maliyyə dəstəyi ilə DGK və BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilməkdə olan "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi sərhədlərin təhlükəsizliyinin gücləndirilməsində, əmtəə və xidmət keçidlərinin asanlaşdırılmasında mühüm rol oynayacaq.

Öz növbəsində, görüşdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai əmin olduğunu bildirib ki, adıçəkilən layihə iki ölkənin gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirəcək, iqtisadi-ticari münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.

Görüşdə, eyni zamanda vurğulanıb ki, “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin həyata keçiriləcəyi iki il (2016-2017) müddətində digər işlərlə yanaşı, gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə hər iki ölkədə milli və beynəlxalq təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Görüşdə, həmçinin Azərbaycanda müasir gömrük rəsmiləşdirilməsi zonalarının yaradılmasının zəruriliyi, tətbiqi və üstünlükləri ilə bağlı DGK-nin əməkdaşları tərəfindən geniş təqdimat keçirilib və bu zonaların yaradılmasında layihə imkanlarından istifadə edilməsinin yolları müzakirə olunub.

Bundan başqa, iclasda BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı tərəfindən Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi məqsədilə DGK ilə prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilərək həmin sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi və mümkün dəstəyin göstərilməsi nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR