Azərbaycanda kəndlərdə təsərrüfatbaşına uçot sənədinə mal-qara və quşlara dair göstəricilər əlavə edilib

Azərbaycanda kəndlərdə təsərrüfatbaşına uçot sənədinə mal-qara və quşlara dair göstəricilər əlavə edilib
# 13 may 2016 19:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Quba rayonundakı Gənclər Mərkəzində Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirəsi keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının yerli icra hakimiyyəti başçılarının müavinləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli statistika orqanlarının rəhbərləri, uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak ediblər.

Müşavirə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi və aparılması ilə bağlı məsul şəxslərin təlimatlandırılması məqsədi daşıyıb. Zona müşavirəsində çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, kənd təsərrüfatı üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir. Bununla əlaqədar beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür. Aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan və kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsidir. T. Budaqov qeyd edib ki, 1934-cü ildən ciddi dəyişiklik edilmədən tətbiq olunan “Təsərrüfatbaşına kitab” və digər uçot formaları hazırlanarkən göstəricilər sistemləşdirilib, bir çox uyğunsuzluqlar aradan qaldırılıb, eyni zamanda, əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan məhsullara dair yeni məlumatların əldə olunması zərurəti nəzərə alınıb. Cari uçot sənədinə təsərrüfatın mülkiyyətində və istifadəsində olan kənd təsərrüfatı texnikası ilə bağlı yeni bölmənin, mal-qara və quşların bölgüsünə dair yeni göstəricilərin əlavə edilməsi əvvəllər seçmə statistika müşahidələri əsasında toplanan, region və ölkə səviyyəsində müxtəlif metodlarla qiymətləndirilən məlumatların indi bütün təsərrüfatlar üzrə ilkin mənbədən əldə edilməsinə imkan verəcək. Ən əsası isə torpaqların suvarılmasında istifadə olunan mənbələr, əkin üçün nəzərdə tutulmuş torpaqların bitkiçilik məhsulları üzrə bölgüsü haqqında ilkin uçotun aparılması vəzifəsi qarşıya qoyulub. Məlumatların birbaşa mənbədən əldə edilməsi ölkə əhalisinin ərzaq məhsulları ilə təminat səviyyəsinin daha ətraflı öyrənilməsinə, rəqabət qabiliyyətli məhsulların müəyyən olunmasına, ölkənin ixracat potensialının qiymətləndirilməsinə imkan yaradacaq. Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə bir sıra mühüm tədbirlər də həyata keçiriləcək. Bu tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir. Uçot sənədlərinin məlumatları statistika orqanlarında və digər aidiyyəti dövlət qurumlarında mövcud olan məlumat bazalarına inteqrasiya olunacaq, bundan statistika orqanlarına təqdim edilmiş müxtəlif statistika hesabatlarının dürüstlüyünün yoxlanılmasında istifadə ediləcək.

Kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydaları slaydlar vasitəsi ilə tədbir iştirakçılarına təqdim olunub. Müşavirədə Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev çıxış edərək təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin vəzifələrini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR